Böyük Britaniyada iyunun 3-də terror aktı törədən üçüncü şəxsin adı məlum olub.
APA-nın “lenta.ru”ya istinadən verdiyi məlumata görə, bu, 22 yaşlı Mərakeş əsilli italiyalı Yusef Zaqbadır. O, əvvəllər Britaniya hüquq-mühafizə orqanlarının müşahidəsi altında olmayıb.
Bir müddət əvvəl məlum olub ki, Londonda terror aktı törədən şəxslərdən biri 27 yaşlı Huram Şəzad Butt, digəri isə 30 yaşlı Rəşid Reduandır. H. Butt Pakistan əsilli Böyük Britaniya vətəndaşıdır. Onun adı əks-kəşfiyyata əvvəllər məlum olsa da, terror aktı hazırladığı barədə məlumat əldə edilməyib. R. Reduan isə hüquq-mühafizə orqanların müşahidəsi altında olmayıb.
Qeyd edək ki, iyunun 3-də 3 nəfər idarə etdikləri mikroavtobusu London körpüsünün yaxınlığında olan piyadaların üzərinə sürüb. Sonra hücum edənlər özünü Boro bazarına çatdırıb və orada olan insanları bıçaqlamağa başlayıb. Hadisə nəticəsində yeddi nəfər ölüb, 48-i isə yaralanıb. Hadisəni törədənlər hüquq-mühafizə orqanları tərəfindən güllələnib.