Gürcüstanın Axaltsixe şəhərinin yerli sakinləri Daxili İşlər Nazirliyinin Əks-kəşfiyyat xidmətinin cənub regional idarəsinin sabiq rəis müavini Qoça Gelaşvilini onları təhqir etməkdə ittiham edirlər.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, şəhərin Kldiaşvili küçəsinin bir neçə sakini iyunun 23-də gecə saatlarında qonşuluqda yaşayan Q. Gelaşvilinin içkili halda əlində silahla onlara qarşı təhqiramiz ifadələr işlətdiyini bildiriblər. Saakanuş Mkrtçyan adlı sakin deyib ki, bu, Gelaşvilinin onları təhqir etməsi ilə bağlı ilk hal deyil: “Otuz ildir ki, burada yaşayırıq və gürcülərdən bu cür aqressiya görməmişik. Bu cür təhqirlərdən sonra biz niyə susmalıyıq?”.
Yerli sakinlər Q. Gelaşvilidən onlardan üzr istəməsini tələb edirlər. Q. Gelaşvili isə öz növbəsində ittihamları qəbul etmədiyini bildirib.
Kldiaşvili küçəsinin sakinləri həmçinin yerli media resursa Q. Gelaşvilinin təhqiramiz ifadələrinin yer aldığı audioyazını da təqdim ediblər. Bildirilir ki, audio yazıda Q. Gelaşvili erməniləri Gürcüstanın müstəqilliyini tanımamaqda ittiham edərək söyüş işlədib.
Sakinlər insidentlə bağlı polisə müraciət etməsələr də, Gürcüstanın Daxili İşlər Nazirliyi araşdırma aparır.