Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Tiflisdə “NATO həftəsi”nin açılışı olub.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, açılışda çıxış edən rəsmilər Gürcüstanda “NATO həftəsi”nin keçirilməsinin vacibliyini vurğulayıblar və bu cür tədbirlərin Gürcüstan cəmiyyətinə, NATO-ya üzv olan ölkələrə və Gürcüstanın qonşularına alyansa üzv olmaq istəyini bir daha xatırlatdığını bildiriblər.
Sonra “NATO yolu: “Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsi” mövzusunda konfrans başlayıb. Konfransda Gürcüstanın Avropa və avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri Aleksi Petriaşvili, NATO baş katibinin xalq diplomatiyası məsələləri üzrə köməkçisi Kolinda Qrabar-Kitaroviç Kolinda Qrabar-Kitaroviç, Bolqarıstanın sabiq xarici işlər naziri Solomon Pasi çıxış ediblər. Onlar Gürcüstan-NATO münasibətlərinin daha da möhkəmləndiyini və NATO-ya gedən yolda bir çox ölkələrin, o cümlədən Şərqi Avropa ölkələrinin təcrübələrindən istifadə edilməsinin vacibliyini qeyd ediblər.
Konfransda çıxış edən A. Petriaşvili NATO-ya qəbul prosesinin davam etdiyini və bu prosesin tezləşdirilməsinin önəmini vurğulayıb: “Hesab edirik ki, Ukrayna ərazisinin işğalı fonunda bu proses tezləşdirilməlidir”.
Konfransda Gürcüstanın bəzi nazirliklərinin rəhbərləri, Bolqarıstan, Litva, Latviya və Estoniyanın rəsmi şəxsləri, Böyük Britaniya, Polşanın və digər ölkələrin Gürcüstandakı səfirləri, beynəlxalq ekspertlər, hərbi attaşelər və digərləri iştirak edir.
Konfransdan sonra tədbir panellərdə müxtəlif mövzularda çıxışlarla davam edib. Sonra jurnalistlərin sualları cavablandırılıb.
Aprelin 8-də tədbir Gürcüstan parlamentinin Milli Kitabxanasında davam edəcək. Aprelin 9-da isə “NATO həftəsi” azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində müxtəlif tədbirlər şəkilində davam edəcək. Marneulidəki 9 aprel abidəsinin qarşısına gül-çiçək dəstələri qoyulacaq, gənclərlə görüş keçiriləcək və 9 aprel hadisələrinə həsr olunan film nümayiş olunacaq. Tədbirlərə NATO-nun Gürcüstandakı ofisinin rəhbəri Vilyam Lihau və Türkiyənin Gürcüstandakı səfiri Zəki Ləvənt Gümrükçü qatılacaq.
“NATO həftəsi” aprelin 16-dək davam edəcək.