Gürcüstanda azadlıqdan məhrum olunmuş “Lanset” klinikasının direktoru Fərman Ceyranlı aclıq aksiyasına başlayıb.
APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bu barədə F.Ceyranlının vəkili Gela Nikolaişvili bildirib.
Onun sözlərinə görə, azərbaycanlı həkim Tbilisi şəhər məhkəməsinin qərarına etiraz edir və hesab edir ki, məhkəmə hökmünün heç bir qanuni əsası yoxdur.
Qeyd edək ki, fevralın 8-də Tbilisi şəhər məhkəməsi F.Ceyranlının 6 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib. Cərrah F. Ceyranlı dələduzluq maddəsi ilə ötən ilin may ayında Gürcüstanda həbs olunub. O, klinikasında qanunsuz ciyər transplantasiyası əməliyyatları həyata keçirməkdə və pasientlərdən aldatma yolu ilə külli miqdarda pul mənimsəməkdə ittiham olunub.