Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanın baş naziri İrakli Qaribaşvili yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə 150-yə qədər yerli və beynəlxalq jurnalist iştirak edib.
İ. Qaribaşvili hökumət başçısı olaraq jurnalistlərlə ilk görüşünü keçirdiyini və sabiq baş nazir Bidzina İvanişvilinin əsasını qoyduğu bu ənənədən şad olduğunu söyləyib: “Biz cəmiyyətə vəd etmişdik ki, hökumətin fəaliyyəti açıq və şəffaf olacaq”.
Baş nazir Soçi Olimpiya oyunlarından sonra Rusiya ilə münasibətlərdə ciddi pisləşmə və ya yaxşılaşma gözləmədiyini deyib: “Mən xüsusi heç nə gözləmirəm – nə yaxşılaşma, nə pisləşmə”. O, terrorçuluğa qarşı istənilən dövlətlə əməkdaşlığa hazır olduqlarını vurğulayıb.
Hökumət başçısı hesab edir ki, Gürcüstan Rusiyadan Ukrayna qədər asılı deyil, ona görə də ölkədə Ukrayna ssenarisinin təkrarlanması riski minimaldır. O, Gürcüstana qarşı təxribatların törədilməsini istisna etməsə də, bunların çox ciddi olacağını düşünmür.