Bakı. Real Cəfərli - APA. İran xarici işlər naziri Avropanın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi arasında görüş keçirilib.
APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif və Ketrin Eşton mayın 26-da Bakı vaxtı ilə axşam saat 22:00-da İranın İstanbuldakı baş konsulluğunda işgüzar şam yeməyində bir araya gəliblər. Qeyri-rəsmi xarakter daşıyan görüşün detalları barədə hələlik məlumat verilməyib.
Qeyd edək ki, tərəflər ötən gün günorta saatlarında İstanbul şəhərindəki Çırağan otelində də görüşüblər. Məlumatda M.C.Zərif və K.Eştonun 2.5 saat müddətində İranla “altılıq” ölkələri arasında iyunun 16-20-da Vyanada keçirilməsi planlaşdırılan növbəti nüvə müzakirələrində necə irəliləyişə nail olmaq barədə danışıqlar apardıqları bildirilir. Müzakirələr bu gün saat 11:00-da yenidən başlayıb. M.C.Zərif bu gün günortadan sonra Qoşulmama Hərəkatına (NAM) üzv ölkələrin xarici işlər nazirlərinin növbəti toplantısında iştirak etmək üçün Əlcəzairə gedəcək.