Bakı. Real Cəfərli - APA. Ötən gün axşam saatlarında İran xarici işlər naziri ilə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi arasında görüş keçirilib.
APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, İranın Avstriyadakı səfirliyində verilən işgüzar şam yeməyində bir araya gələn Məhəmməd Cavad Zərif və Ketrin Eşton növbəti nüvə müzakirələrinin gündəliyi və yekun razılaşmanın mətninin yazılması ilə bağlı fikir mübadiləsi aparıblar.
M.C.Zərif görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, bu gün BMT-nin Vyanadakı qərargahında yekun nüvə razılaşmasının mətninin yazılması məqsədilə İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri başlayacaq: “Danışıqların bu mərhələsi çox çətin olacaq. Çünki hər iki tərəf artıq yekun nüvə razılaşmasının mətnini yazmağa başlayacaq. İranla “altılıq” ölkələri arasında rəsmi, texniki və mütəxəssislər səviyyəsində görüşlərin, əvvəlki müzakirələrin faydalı olması sevindirici haldır. Hər iki tərəf də fikirlərini açıqlayıb, amma hələlik əsas mərhələyə daxil olmamışdıq”.