Rusiyanın Sankt-Peterburq şəhərində metroda partlayış törədən Akbarjon Cəlilov 2016-cı ildə Türkiyədən deportasiya edilib.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, 2015-ci ilin sonunda Türkiyəyə gələn A.Cəlilov miqrasiya qanunvericiliyini pozduğuna görə ölkədən qovulub.
Terrorçularla əlaqədə şübhəli bilinən A.Cəlilov Türkiyə xüsusi xidmət orqanlarının nəzarətində də olub, lakin onun qeyri-qanuni fəaliyyətinə dair dəlil aşkarlanmayıb. Miqrasiya qanunvericiliyini pozan A.Cəlilov cərimə olunaraq ölkəyə girişi qadağan edilməklə Türkiyədən deportasiya edilmişdir.
Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburqun “Sennaya ploşşady” və “Texnoloqiçeskiy institut-2” metro stansiyaları arasında partlayış baş verib. Nəticədə 14 nəfər ölüb. İstintaqın qənaətinə görə, terror aktını Qırğızıstan əsilli Akbarjon Cəlilov törədib.