Gürcüstan. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstanın hökumət dəftərxanası qarşısında yüzlərlə Tiflis sakini etiraz aksiyası keçirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, aksiya "Azadlığı müdafiə edək" qeyri-hökumət təşkilatının və Vahid Milli Hərəkat partiyasının, həmçinin digər qurumların təşkilatçılığı ilə baş tutub.
Aksiya iştirakçıları Rusiyanın "Qazprom" şirkətinin Gürcüstan üçün təhlükəli olduğunu vurğulayaraq bildiriblər ki, Gürcüstanın "Qazprom" qaz şirkəti ilə əməkdaşlığı ölkənin enerji müstəqilliyinə təhlükədir. İştirakçılar qollarına “Qazproma” yox!” şüarları bağlayaraq, Putinin və Bidzina İvanişvlinin şəkilləri əks olunan plakatlar qaldırıblar.
Aksiyada çıxış edən "Azadlığı müdafiə edək" QHT təşkilatının sədri Tamar Çerqoleişvili bundan əvvəl keçirilən etiraz aksiyasında da hökumətin rəhbərliyinə eyni xəbərdarlıq edildiyini deyib: "Biz bu problem barədə danışmağa utanırıq. "Qazprom" Gürcüstan üçün sərfəli deyil. Biz mümkün bütün vasitələrdən istifadə edəcəyik ki, "Qazprom" Gürcüstandan əl çəksin. Gürcüstanı Rusiya qazından asılı vəziyyətə salmayın. Bu, nəinki enerji müstəqilliyinə, həm də dövlətin müstəqilliyinə təhlükə yaradır. Biz energetika nazirindən parlamentə gəlməyini xahiş etdik. Bu, ictimaiyyətin təşəbbüsü ilə hakimiyyətə xəbərdarlıq idi ki, hakimiyyət xalqın tələbini görsün. Biz etiraz aksiyamızı yenə davam etdirəcəyik", deyə Tamar Çerqoleişvili bildirib.