Azərbaycanlı millət vəkilləri Türk dərgisinin beynəlxalq mükafatlarına layiq görülüblər.
APA-nın məlumatına görə, Azərbaycan Milli Məclisinin üzvləri Adil Əliyev və Fazil Mustafa Türkiyənin “Uluslararası Türksoy”la İpekyolu” dərgisinin və İpekyolu Strateji Araşdırmalar mərkəzinin beynəlxalq mükafatlarına layiq görülüblər.
Adil Əliyev “İlin idman adamı”, Fazil Mustafa isə “Türk dünyasına xidmət” mükafatını alıb. Mükafatların təqdimatı mərasimində çıxış edən dərginin imtiyaz sahibi və strateji araşdırmalar mərkəzinin başqanı Seyfullah Türksoy indiyə qədər olduğu kimi, bundan sonra da əsas məqsədlərinin Türk dünyasının birliyi üçün çalışmaq olacağını vurğulayıb.
Millət vəkili Adil Əliyev “Bütün Türklərin iki vətəni var: birincisi anadan olduqları yer, ikincisi isə Türkiyə. İstanbul- Türk dünyasının qəlbi, Ankara- beyinidirsə, Azərbaycan Türk dünyasının canıdır”- deyib.
”İlin adamı” mükafatını almaq, əlbəttə ki, məni məmnun edir, ancaq biz bununla kifayətlənməməli və zamanın adamlarını yetişdirməyə çalışmalıyıq. Çünki həlledici məqamlarda millətlərin taleyini zamanın adamları yönləndirir”- deyə millət vəkili Fazil Mustafa “Türk dünyasına xidmət” mükafatını alarkən vurğulayıb. Türkiyənin Moldovadakı səfiri Hulusi Kılıç isə “İlin diplomatı” mükafatına layiq görülüb.
Qeyd edək ki, ”Uluslararası Türksoy”la İpekyolu” dərgisi bu il 13-cü dəfə müxtəlif nominasiyalarda mükafatlar verib.