“Hollandiya parlamentindəki təşəbbüsə qarşı mübarizəmizi davam etdirəcəyik”.
Bunu APA-nın Türkiyə müxbirinə açıqlamasında Türkiyənin Vətən Partiyasının Hollandiya üzrə təmsilçisi Əhməd Uyar deyib.
“Hollandiya parlamentinə gətirilməyə çalışılan qərar layihəsinin mahiyyəti nədir” sualına Əhməd Uyar belə cavab verib: “Avropa İnsan Haqları Məhkəməsinin bağlayıcı qərarına baxmayaraq, Xristian İttifaqı (CU) Partiyasının millət vəkili Joel Vordevind parlamentin gündəminə “erməni soyqırımı”nı tanımağa dair layihə gətirərək öz təşəbbüsünü “beynəlxalq hüququn gərəyi” kimi əsaslandırmağa çalışıb. Elə isə bu millət vəkilinin beynəlxalq hüquqdan xəbəri olmadığını görürük. Çünki Haaqa beynəlxalq cəza məhkəməsi 3 fevral 2015-ci ildə “Sadəcə insanların bir yerdən başqa yerə köçürülməsinin o hadisəni “soyqırım” kimi tanımağa kifayət etmədiyinə” dair qərar qəbul edib.
Biz Xristian İttifaq Partiyası millət vəkilinin bu təşəbbüsünün martın 21-də keçiriləcək seçki ilə bağlı olduğunu düşünürük. Çünki 20 noyabr 2017-ci ildə Hollandiya Nümayəndələr Palatası (Tweede Kamer) bu mahiyyətdə olan bir qərar layihəsini səs çoxluğu ilə rədd edib. Xristian İttifaqına daxil olan partiyalar yaxınlaşan seçki ərəfəsində bu məsələdən öz siyasi mənafeləri üçün istifadə niyyətindədirlər.
Hollandiyanın Ankaradakı səfirliyinin fəaliyyətini müvəqqəti dayandırmağa dair qərar da eyni məqsədə xidmət edir. Digər tərəfdən, bu səpkili təşəbbüslər Türkiyənin terrora qarşı təşkil etdiyi “Zeytun budağı” əməliyyatına qarşı gizli reaksiya mahiyyəti daşıyır”.
Əhməd Uyar bundan sonra da təkcə Hollandiyada deyil, Avropanın bütün ölkələrində siyasi məqsədli bu cür təşəbbüslərə qarşı mübarizəni davam etdirəcəklərini vurğulayıb.