Ukrayna Prezidenti Vladimir Zelenski gələn həftə Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçılarının illik toplantısında şəxsən iştirak etməyi planlaşdırır.
APA xəbər verir ki, bu barədə "Politico" Ukrayna hökumətindəki mənbəyə istinadən yazıb.
Planla tanış olan yüksək rütbəli Ukrayna hökumət rəsmisinin sözlərinə görə, Zelenski həm BMT Baş Assambleyasında çıxış edəcək, həm də digər ölkələrin liderləri ilə təkbətək görüşlər keçirəcək.
"Hərtərəfli, uzunmüddətli sülhü təmin etmək üçün bizim Qərbin siyasi dəstəyindən daha çoxuna ehtiyacımız var", - yüksək rütbəli Ukrayna rəsmisi deyib. O bildirib ki, Qərb ilə yanaşı, digər ölkələr də Ukraynaya dəstək verməli, onun yanında olmalıdır və bu ölkələr arasında qlobal cənubun xüsusi yeri var: "Çünki onların səsi vacibdir".
Rəsmi bildirib ki, Zelenski bu səfəri zamanı həm özünün 10 maddəlik Sülh Formuluna dəstək almağa çalışacaq, həm də Rusiyanın işğalı nəticəsində yaranan ərzaq təhlükəsizliyi böhranının həlli yolları istiqamətində müzakirələr aparacaq.
Xatırladaq ki, Zelenski ötən ilki BMT Baş Assambleyasının iclasında virtual olaraq iştirak etmişdi.