Bank Of Baku

Zelenski Haaqada Rusiya üçün beynəlxalq tribunal yaradılmalı olduğunu deyib

Zelenski Haaqada Rusiya üçün beynəlxalq tribunal yaradılmalı olduğunu deyib
# 04 may 2023 14:45 (UTC +04:00)

“Biz hamımız Haaqada cinayətkar əməllərinə görə cəzaya layiq olan başqa bir “Vladimir” görmək istəyirik”.

APA xəbər verir ki, bunu Niderlandda səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski Haaqa Beynəlxalq Cinayət Məhkəməsində çıxışı zamanı deyib.

O, müharibə cinayətlərinə görə cəzasızlığın növbəti cinayətlərə qapı açdığını deyib: “Əlbəttə, biz hamımız Haaqada fərqli bir “Vladimir” görmək istəyirik. Cinayətkar əməllərinə görə beynəlxalq hüququn paytaxtında hökm oxunmuş birini. Mən əminəm ki, biz qalib gəldiyimiz zaman bunun baş verdiyini görəcəyik və biz qalib gələcəyik. Cəzasızlıq təcavüzə qapı açan əsas vasitədir. Tarixdə istənilən təcavüzkar müharibəyə nəzər yetirsək, hamısının ümumi bir cəhəti var – müharibəni törədənlər etdiklərinə görə cavab verəcəyinə inanmır. Onlar müharibəyə görə cavab verməlidirlər”.

Zelenski qeyd edib ki, yalnız aprel ayında Rusiya Ukraynaya qarşı 6,139 müharibə cinayəti törədib:

“Bu cinayətlər 207 ukraynalı mülki şəxsin ölümünə səbəb olub və onlardan 11-i uşaqlardır. Daha 17 uşaq isə yaralanıb. Rusiyanın genişmiqyaslı işğalı artıq 15 aydır ki, davam edir. Sadəcə dünən Xerson regionumuzda Rusiya 23 nəfəri öldürüb, 49 mülki şəxs isə yaralanıb. Bütün bunlar 9 il əvvəl bizim torpaqlarımızın, Krımın işğalı və Rusiyanın Donbasda qanlı hibrid savaşı ilə başlayıb”.

Ukrayna Prezidenti dayanıqlı sülhün bərpası üçün Rusiyanın ədalət qarşısında tam cavab verməli olduğunu, bunun üçün beynəlxalq tribunal yaradılmalı olduğunu vurğulayıb.

O, əlavə edib ki, Avropa və dünya artıq buna bənzər bir vəziyyətlə üzləşib:

“Biz beynəlxalq tribunalın yaradılmasında israr edirik. Təcavüzə görə qaçılmaz cəzalandırma ənənəsi təcavüzün təkrarlanmaması üçün zəmanət olar. Əgər biz həqiqi ədalət istəyiriksə, bəhanələr axtarmamalı və hazırkı beynəlxalq hüququn çatışmazlıqlarına istinad etməməliyik. Beynəlxalq hüquqda və normalarda olan çatışmazlıqların düzəldilməsi üçün qəti qərarlar qəbul etməliyik . Nürnberqin yaradıcıları da tam olaraq bunu etmişdilər. Biz eynisini indi etməliyik. Ədalətin bərqərar olunmasını tarixin öhdəsinə buraxmaq sizin üçün, bizim üçün, bütün xalqlar üçün zəiflik olar. Həll edə bildiyimiz problemləri uşaqlarımıza ötürməyimiz onlara ədalətsizlik olar. Tribunal bunun üçündür. Sülhün dayanıqlılığı təcavüzkarın ədalət qarşısında tam cavab verməsindən asılıdır”.

Zelenski qeyd edib ki, təcavüzkar ədalətin tam gücünü hiss etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR