Ukrayna Prezidenti Vladimir Zelenski iyulda NATO-nun sammiti üçün Vilnüsə səfər etməyi planlaşdırır.
APA xəbər verir ki, bu barədə Ukraynanın Litvadakı səfiri Petro Beşta BNS-ə müsahibəsində bildirib.
Prezident Zelenskinin iyulda NATO sammitində iştirak edib-etməyəcəyi ilə bağlı jurnalistin sualına cavab verən ukraynalı diplomat: "Biz bunu planlaşdırırıq. Bizə lazım olan ilk şey dəvətdir, çünki Ukrayna NATO-nun üzvü deyil. Ümid edirik ki, o vaxta qədər bunu (dəvəti - red.) əldə edəcəyik və Ukraynada müharibə ilə bağlı vəziyyəti də dramatik şəkildə dəyişdirəcəyik", - əlavə edib.
"Biz inanırıq ki, sammitin bəyannaməsində çox aydın bir düstur olmalıdır ki, müharibə başa çatan kimi Ukrayna NATO-ya üzv olacaq", - ukraynalı səfir vurğulayıb.
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya genişmiqyaslı hərbi müdaxiləyə başlayandan bəri Zelenski ABŞ, Böyük Britaniya, Fransa və Brüsselə səfər edib.