Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə dizel yanacağının dünya bazarlarına tədarükü barədə razılaşmasını Ukraynaya qarşı qeyri-səmimi və tərəfdaşlıq prinsiplərinə zidd addım kimi qiymətləndirib.
UNIAN-ın məlumatına görə, Zelenski bu barədə jurnalistlərə “WhatsApp” vasitəsilə göndərdiyi səsli mesajda bildirib.
Ukrayna Prezidenti xatırladıb ki, hazırda ölkəsinin nümayəndə heyəti ABŞ tərəfi ilə danışıqlar aparmaq üçün Floridada ikigünlük səfərdədir.
Onun sözlərinə görə, danışıqların əsas məqsədi müharibənin başa çatdırılması və ya ən azı atəşkəsin əldə olunmasıdır.
Zelenski hesab edir ki, ilkin mərhələdə enerji infrastrukturuna qarşı hücumların dayandırılması barədə razılaşma əldə edilə bilər.
“Bu, xalqımız və ailələrimiz üçün çox vacibdir. Məhz bizim nümayəndə heyətimiz Floridada Amerika tərəfi ilə danışıqlar apardığı bir vaxtda ABŞ Prezidenti Kreml rəhbəri, bu müharibənin və təcavüzün rəhbəri ilə danışıqlar aparır”, – Zelenski bildirib.
Ukrayna Prezidentinin fikrincə, Tramp və Putin arasında Rusiya dizel yanacağının ixracına icazə verilməsi barədə əldə olunan razılaşma Moskvaya Ukraynaya qarşı müharibəni davam etdirmək üçün əlavə maliyyə vəsaiti qazanmaq imkanı yaradacaq.