Bu gün Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Olena Zelenski AŞPA-nın yaz sessiyanına videokonfrans vasitəsi ilə qoşulub.
APA-nın Britaniya bürosunun xəbərinə görə, o, ukraynalı uşaqların və digər mülki şəxslərin Rusiya Federasiyasına və ya müvəqqəti işğal olunmuş Ukrayna ərazilərinə deportasiyası və zorla köçürülməsi mövzusu ətrafında gedən debat zamanı çıxış edib. Olena Zelenksi onların təhlükəsiz qayıtması üçün şərait yaratmaq, bu cinayətləri dayandırmaq və günahkarları cəzalandırmaq mövzusu barəsində öz fikirlərini bildirib.
Olena Zelenski bildirib ki, ukraynalı uşaqlar oğurlanır, onların valideynləri öldürülür, ya da ailələrdən zorla qaçırılaraq rus ailələrə övladlıq verilir. O, uşaqların psixologiyası üçün əsirlikdə keçən hər bir saatın çox önəmli olduğundan danışıb, onları tez bir zamanda azadlığa çıxarmaq üçün birgə işləməyin əhəmiyyətinə toxunub.
Daha sonra AŞPA-ya üzv dövlətlərin nümayəndələri mövzu ətrafında çıxış edib, fikir mübadiləsi aparıb.