Ukrayna Prezidenti Ofisi “Bloomberg”in ABŞ Prezidenti Donald Trampın Volodimir Zelenskiyə Moskvaya gedərək Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi təklif etməsi barədə məlumatını təkzib edib.
Bu barədə Ukrayna Prezidentinin kommunikasiya məsələləri üzrə müşaviri Dmitri Litvin “Ukrainskaya Pravda”ya açıqlamasında bildirib.
“Bu, həqiqətə uyğun olmayan məlumatdır”, – Litvin deyib.
“Bloomberg” daha əvvəl mənbələrinə istinadən yazıb ki, Tramp sentyabrın 22-də Nyu-Yorkda Zelenski ilə görüşü zamanı ona müharibənin dayandırılması ilə bağlı danışıqlar aparmaq üçün Moskvaya gedərək Putinlə görüşməyi təklif edib.
Nəşrin məlumatına görə, Zelenski bu təklifi qəbul etməyib.
***
22:05
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya getməyə çağırıb.
Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Tramp bu təklifi Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Zelenski ilə keçirdiyi görüş zamanı səsləndirib. ABŞ administrasiyası Rusiya-Ukrayna danışıqlarının bərpasına çalışdığı bir vaxtda Tramp əvvəlki imtinalara baxmayaraq, Zelenskini Putinlə görüşmək üçün Moskvaya səfər etməyə çağırıb.
“Bloomberg”in mənbələrinin məlumatına görə, Zelenski ABŞ Prezidentinin təklifini qəbul etməyib. Mənbələr, həmçinin Trampın bu məsələni yenidən gündəmə gətirməsinin Zelenskini narazı saldığını bildiriblər.
Tramp və Zelenski sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşüblər.