Avstraliya hökuməti parlamentin yaxınlığında Rusiya səfirliyinin yeni binasının tikilməsinə icazə verməyib

Avstraliya hökuməti parlamentin yaxınlığında Rusiya səfirliyinin yeni binasının tikilməsinə icazə verməyib
# 15 iyun 2023 12:33 (UTC +04:00)

Kəşfiyyat rəsmilərinin casusluq və təhlükəsizlik riski ilə bağlı xəbərdarlığından sonra Avstraliya hökuməti Rusiyanın ölkənin Parlament binasının yaxınlığında yeni səfirlik binası tikməsinə icazə verməyib.

APA AFP-yə istinadən xəbər verir ki, Avstraliya hökuməti tikintini dayandırmaq üçün xüsusi hazırlanmış yeni qanun qəbul edib.

Baş nazir Entoni Albanese Avstraliya Milli Təhlükəsizlik Komitəsinin iclasından sonra qanunun qəbul olunduğunu deyib.

"Hökumət Parlament binasının yaxınlığında Rusiyanın mövcudluğunun yaradacağı risklə bağlı çox aydın təhlükəsizlik məsləhətləri alıb", - Baş nazir bildirib.

Albanese Rusiyadan bu addıma qarşı cavab gözlədiyini də əlavə edib: "Ancaq biz Rusiyanın beynəlxalq hüququ ardıcıl və həyasızcasına pozaraq Ukraynaya təcavüzündən sonra bu ölkənin beynəlxalq hüquqdan danışacağını gözləmirik".

Rusiyalı diplomat isə AFP-yə bildirib ki, Avstraliya hökumətinin bu qərarından sonra səfirlik hüquqi məsləhət alacaq və ona uyğun addım atacaq.

İki partiyanın dəstəyi ilə qəbul edilən yeni qanun Rusiyanın Avstraliyada diplomatik fəaliyyətinə mane olmur, yalnız parlamentə bu qədər yaxın binalar tikilməsinə icazə vermir.
Yeni qanunvericilikdə həmçinin Rusiyanın maliyyə təzminatına müraciət edə biləcəyi də qeyd olunur.

Qeyd edək ki, Rusiya Avstraliyanın Kanberradakı Parlament binasından təxminən 400 metr aralıda torpaq sahəsini icarəyə götürərək yeni səfirlik binasının təməlini qoyub.

Rusiya 2008-ci ildə federal hökumətinin qurumu olan "National Capital Authority" ilə razılaşma yolu ilə həmin ərazinin icarəsi barədə müqavilə imzalayıb və 2011-ci ildə tikinti üçün icazə alıb.
Avstraliya hökuməti daha əvvəl bununla bağlı etiraz etməsə də, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra bu barədə qərar verib.

Keçən ay icarənin ləğv edilməsinə dair məhkəmədə məslə qaldırılsa da bu, məhkəmə tərəfindən rədd edilib və nəticədə hökumət milli təhlükəsizlik qanunvericiliyində dəyişiklik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR