"WSJ": Süveyş kanalında ilişib qalan "Ever Given" gəmisinin çıxarılması martın 27-də mümkün ola bilər

"WSJ": Süveyş kanalında ilişib qalan "Ever Given" gəmisinin çıxarılması martın 27-də mümkün ola bilər
  • Clock-gray 07:04
  • calendar-gray 27 Mart 2021

Süveyş kanalında “Ever Given” konteyner gəmisinin torpağa oturması nəticəsində dayanmış hərəkətin bərpası işləri martın 27-də uğurla yekunlaşa bilər.

APA xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti özəl mənbəyə istinadən yazıb.

“Onu düşündüyümüzdən də tez hərəkətə gətirə bilərik”, - deyən mənbə torpağa ilişib qalan gəminin çıxarılması işində iştirak edən qrupun səylərinin “yaxşı getdiyini” bildirib.

Hazırda Süveyş kanalında ilişib qalmış konteyner gəmisinin çıxarılması işləri dayandırılıb, hərəkətin bərpası işləri şənbə günü davam etdiriləcək.

Kanalda hərəkətin bərpası əməliyyatı dəniz xilasetmə əməliyyatlarında ixtisaslaşmış və “Boskalis” konserninin bir hissəsi olan “SMIT” şirkətinin işçilərinə həvalə edilib. Bundan başqa, Yaponiyanın “Nippon Salvage” şirkəti də bu işdə iştirak edir. İndiyədək ABŞ və Türkiyə xilasetmə işlərində öz köməklərini təklif ediblər.

Süveyş kanalı idarəsinin rəhbəri Usama Rabianın sözlərinə görə, gəminin ilişdiyi yerdə torpaqtəmizləmə işləri görülüb və əraziyə doqquz nəhəng dartıcı gəmilər cəlb olunub. Hazırda işləri çətinləşdirə biləcək amillər, küləyin və cərəyanların istiqaməti kimi bir sıra təbii faktorlar öyrənilir.

Qeyd edək ki, Yaponiyanın “Shohei Kisen” şirkətinə məxsus və Panama bayrağı altında üzən 400 metr uzunluğunda “Ever Given” konteyner gəmisi martın 23-də Süveyş kanalının 151-ci kilometrliyində güclü külək və qum qasırğası səbəbindən istiqamətini dəyişib və əks tərəfə dönərək kanalın hər iki sahilində torpağa oturub. Gəmini dartaraq yerindən tərpətmək hələlik mümkün olmayıb. Gəminin kanalda hərəkəti tam dayandırması nəticəsində 100-dən çox gəminin də yolu bağlanıb.

KİV-in yazdığına görə, hazırda torpağa ilişib qalan gəmidə təxminən 10 milyon barel neft və neft məhsulları var ki, bunun da 2,6 milyon bareli Rusiyaya məxsusdur. Rusiyadan gələn neftin ümumi dəyərinin 160 milyon dollar ola biləcəyi təxmin edilir.

Ehtimal olunur ki, “Ever Given” gəmisinin sahibi və onun sığorta şirkətləri yüklərini vaxtında çatdıra və ya ala bilməyən digər şirkətlər tərəfindən milyonlarla dollarlıq iddia ilə üzləşə bilər. Mütəxəssislərin fikrincə, insidentin ilk növbədə günahkarı gəmi kapitanıdır. Əsas zərərləri sığorta şirkətləri daşıyır, ancaq sadə onlarla gəmi neft qiymətlərinin 10 faiz və ya daha çox artmasına səbəb ola bilər.

Sərxan Kamallı

Digər xəbərlər