Afrikadakı sonuncu buzlaqlar 2050-ci ildə yoxa çıxacaq - HESABAT

Kilimancaro buzlağı

© APA | Kilimancaro buzlağı

# 03 noyabr 2022 11:51 (UTC +04:00)

İqlim dəyişikliyi səbəbindən Afrikadakı sonuncu buzlaqlar 2050-ci ilə qədər yoxa çıxacaq.

APA BBC-yə istinadən xəbər verir ki, bu barədə UNESCO-nun hesabatında qeyd olunub.

Peyk məlumatlarına əsaslanaraq proqnozlar verən hesabata görə, BMT-nin Ümumdünya İrsi siyahısında yer alan buzlaqların üçdə biri otuz il ərzində əriyəcək.

Hesabatı hazırlayan müəlliflər bildiriblər ki, buzlaqlar dünyanın iqlim dəyişikliyi ilə mübarizə apardığı addımlardan asılı olmayaraq yoxa çıxacaq.

Hesabatda deyilir ki, buzlaqların geri çəkilməsi və yox olması "Yer kürəsinin iqliminin istiləşməsinin ən dramatik sübutlarından biridir". "Ümid edirik ki, yanıla bilərik, amma bu, elmdir", - deyə müəlliflərdən biri olan UNESCO-nun əməkdaşı Tales Carvalho Resende bildirib. "Buzlaqlar iqlim dəyişikliyinin vacib göstəricilərindən biridir, çünki onlar gözə çarpır."

Müəlliflərin fikrincə, BMT-nin Ümumdünya İrsi obyektlərində qalan buzlaqların üçdə ikisi xilas ola bilər, amma bunun üçün dünya ölkələri qlobal istiləşmənin artımını 1,5 dərəcəyə qədər məhdudlaşdırmalıdır.

Hesabatda 2050-ci ilə qədər yox olacaq buzlaqları olan Dünya İrsinə aid yerlər bunlardır: Hirkan meşələri (İran); Durmitor Milli Parkı (Monteneqro); Virunqa Milli Parkı (Konqo Demokratik Respublikası); Huanqlonq relyefi (Çin); Yelloustoun Milli Parkı (ABŞ); Keniya dağı Milli Parkı/ təbii meşə (Keniya); Prineydə Mond Perdu dağları (Fransa, İspaniya); Ruvenzori dağları Milli Parkı (Uqanda); Putorana yaylası (Rusiya); İsveçrənin Tektonik Arenası Sardona (İsveçrə); Nahanni Milli Parkı (Kanada); Lorentz Milli Parkı (İndoneziya); Vrangel Adası Qoruğunun təbii sistemi (Rusiya); Kilimancaro Milli Parkı (Tanzaniya); Yosemit Milli Parkı (ABŞ); Dolomit dağları (İtalya); Komi bakirə meşələri (Rusiya).

Qeyd edək ki, BMT-nin Ümumdünya İrs Siyahısına daxil edilmiş 50 obyektdə təxminən 18,600 buzlaq müəyyən edilib. Onlar da Yer planetinin buzlaq ərazisinin demək olar ki, 10%-ni təşkil edir və məşhur turistik yerləri, yerli əhali üçün müqəddəs olan yerləri əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR