Blinken: "Rusiya 1,6 milyona qədər ukraynalını zorla deportasiya edib"

Entoni Blinken

© APA | Entoni Blinken

# 13 iyul 2022 18:03 (UTC +04:00)

ABŞ Rusiyanı Ukraynada həyata keçirdiyi sistemli deportasiyaları və “filtirasiya” əməliyyatlarını dərhal dayandırmağa çağırır.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken bəyanatında bildirib.

Blinken vurğulayıb ki, mülki şəxslərin qanunsuz köçürülməsi və deportasiyası mülki şəxslərin müdafiəsi haqqında Dördüncü Cenevrə Konvensiyasının ciddi şəkildə pozulması və müharibə cinayətidir:

“Rusiya hakimiyyəti saxlanılanları azad etməli və zorla çıxarılan və ya ölkəni tərk etməyə məcbur edilən Ukrayna vətəndaşlarına tez və təhlükəsiz şəkildə evlərinə qayıtmaq imkanı verməlidir. Biz Rusiyanı müstəqil müşahidəçilərin qondarma “filtrasiya” obyektlərinə və məcburi deportasiya edilmiş köçürülmə ərazilərinə girişini təmin etməyə çağırırıq”.

Bəyanatda qeyd olunub ki, Rusiya hakimiyyət orqanları 900 mindən 1,6 milyona qədər Ukrayna vətəndaşını, o cümlədən 260 min uşağı evlərindən Rusiyaya - çox vaxt Uzaq Şərqin təcrid olunmuş bölgələrinə zorla deportasiya edib.

Dövlət katibi bunu Rusiyanın Çeçenistanda və digər ərazilərdə apardığı “filtirasiya” əməliyyatları ilə müqayisə edib:

“Prezident Putinin “filtrasiya” əməliyyatları ailələri bir-birindən ayırır, Ukrayna pasportlarını müsadirə edir və Ukraynanın bəzi ərazilərinin demoqrafik tərkibini dəyişdirmək məqsədi ilə insanlara Rusiya pasportlarını verir”.

ABŞ Dövlət katibi onu da bildirib ki, Ukrayna vətəndaşları bu "filtirasiya" düşərgələrində işgəncələrə məruz qalır.

O deyib ki, Rusiya bunlara görə məsuliyyət daşıyır və bu hərəkətlər cəzası qalmayacaq: “Buna görə də biz Ukrayna və beynəlxalq orqanların vəhşiliklərin sübutlarını toplamaq, sənədləşdirmək və qorumaq səylərini dəstəkləyirik. Biz birlikdə müharibə cinayətləri və digər vəhşiliklər törədənləri məsuliyyətə cəlb etməyə çalışırıq. ABŞ və tərəfdaşlarımız susmayacaq. Ukrayna və onun vətəndaşları ədalətə layiqdirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR