Azəriqaz: İstixana sahiblərinə güzəştlər təklif oluna bilər

Azəriqaz: İstixana sahiblərinə güzəştlər təklif oluna bilər
# 14 avqust 2020 16:24 (UTC +04:00)

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən istixana sahiblərinə müəyyən güzəştlər təklif oluna bilər. İB-dən “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan və digər məsələlər Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Şəmkir rayonunda fəaliyyət göstərən istixanalarda mövcud olan problemlərə dair videokonfrans çərçivəsində müzakirə edilib.

Videokonfransda çıxış edən “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev bildirib ki, istifadə olunan təbii qazın ödənişləri üzrə ən aşağı göstərici Şəmkir rayonu ərazisində fəaliyyət göstərən isitxanalara aiddir. Ən çox güzəşt olunan istixana sahiblərinin əksəriyyəti də elə Şəmkir bölgəsinin payına düşür.

Qeyd edək ki, istehlak edilən qaza görə istixana sahiblərinin “Azəriqaz”a 12 milyon manata yaxın borcu yaranıb.

R. Əliyev bu günkü duruma baxmayaraq yenə də sahibkarlara müəyyən qədər güzəştlərin olunmasını istisna etməyib. Amma bunun qarşılığında istifadə olunan təbii qazın dəyərinin vaxtında ödənilməsi vacib şərtdir.

“Biz qış mövsümündə güzəştlərə razılıq verdik, lakin bu münasibətin qarşılığında ödəniş faizi xeyli aşağı oldu. Hətta bəzi sahibkarlar söz vermişdi ki, qazanc əldə etdikdən sonra öhdəliklərinə ən azı 30% əməl edəcəklər. Yəni borcun heç olmasa bu qədər hissəsi ilkin mərhələdə ödəniləcək. Amma bu da olmadı”, - deyə R. Əliyev qeyd edib.

“Azəriqaz” İB-nin təsərrüfat yönümlü təşkilat olduğunu vurğulayan baş direktor, qazın satışından gələn gəlirlərin çox saylı kollektivin əmək haqlarının verilməsi, qaz şəbəkəsinin saxlanılması və digər sahələrə xərcləndiyini bildirib.

Sonda onlayn müzakirələrə qatılan təşkilatların rəhbərləri sahibkarlardan qarşıdakı günlərdə təkliflər hazırlayıb təqdim etmələrini xahiş ediblər. Bu təkliflər müzakirə olunaraq yenidən təkrar görüşün təşkilinə qərar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR