Beyrut limanının direktoru partlayışa görə saxlanılan 16 nəfərin arasındadır - YENİLƏNİB

Beyrut limanının direktoru partlayışa görə saxlanılan 16 nəfərin arasındadır - YENİLƏNİB
  • Clock-gray 03:36
  • calendar-gray 07 Avqust 2020

Livanın paytaxtı Beyrutda avqustun 4-də baş vermis güclü partlayışla əlaqədar dəniz limanının direktoru da tutulanlar arasındadır.

APA xəbər verir ki, bu barədə Livanın “LBC International” telekanalı məlumat yayıb.

Bundan bir qədər əvvəl “France Presse” agentliyi hərbi prokurorluğa istinadən liman administrasiyasının 16 vəzifəli şəxsinin saxlanıldığını bildirmişdi.

***

Saat 00:37

Avqustun 4-də Livanda baş vermiş güclü partlayışla əlaqədar Beyrut limanı administrasiyasının 16 əməkdaşı saxlanılıb.

APA xəbər verir ki, bu barədə “France Presse” agentliyi hərbi prokurorluğa istinadən məlumat yayıb.

“Hərbi Prokurorluq Beyrut limanındakı 12-ci anqarda baş verən partlayışla əlaqədar istintaqın ilkin mərhələsini tamamlayır. Anqarda təmir işləri aparan və orada partlayıcı maddə saxlayan liman administrasiyası şurasının və gömrük idarəsinin 18-dən çox əməkdaşı sorğu-sual edilib. İstintaq çərçivəsində indiyədək 16 nəfər saxlanılıb”, - Livan hərbi məhkəməsinin nümayəndəsi, hakim vəzifəsini icra edən Fadi Akiki belə deyib.

Qeyd edək ki, çərşənbə axşamı günü Livan hökuməti hadisəyə görə məsuliyyət daşıyan konkret şəxslər müəyyən olunana qədər bütün liman administrasiyası üzvlərinin ev dustaqlığına yerləşdirilməsi barədə qərar verib. Baş nazir Həsən Diabın sözlərinə görə, faciədə günahkar olanların hamısı cəzalandırılacaq.

“Altı il ərzində limanın anbarında 2750 ton ammonium nitratın saxlanılması tamamilə yolverilməzdir və liman rəhbərliyi vətəndaşların həyatına təhlükə yaratmamaq üçün heç bir profilaktik tədbir görməyib”, - deyə baş nazir bildirib.

Xatırladaq ki, Beyrut limanında baş vermiş partlayış yüzlərlə binanı dağıdıb, 300 mindən çox insan evsiz qalıb. 138 nəfər ölüb, 5 minə yaxın insan yaralanıb, onlarla insan itkin düşüb. Livan Daxili İşlər Nazirliyinin məlumatına görə, partlayış altı il əvvəl gömrük xidmətləri tərəfindən müsadirə olunan 2,7 min tondan çox ammonium nitratın qaynaq işləri zamanı alışması nəticəsində baş verib.

Sərxan Kamallı

Digər xəbərlər