Hindistanda dünyanın ən geniş COVID-19 peyvəndlənmə kampaniyasına başlanıb

Hindistanda dünyanın ən geniş COVID-19 peyvəndlənmə kampaniyasına başlanıb
# 16 yanvar 2021 13:57 (UTC +04:00)

Hindistanda dünyanın ən geniş COVID-19 peyvəndlənmə kampaniyasına start verilib.

Hindistanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Hindistanın Baş naziri Narendra Modi ölkədə koronavirusa qarşı peyvəndlənmə kampaniyasının başladıldığını video-konfransda elan edib.

Bu, dünyanın ən geniş peyvəndləmə proqramıdır və bütün ölkəni əhatə edəcək. Video-konfransa ölkə ərazisindən 3006 peyvəndləmə mərkəzi qoşulub. Baş nazir çıxışında peyvəndlərin hazırlanmasında iştirak edən alimlərə təşəkkür edib.

"Adətən peyvəndlərin hazırlanması üçün illər tələb olunur, lakin belə qısa müddətdə Hindistan istehsalı olan iki peyvənd buraxılıb", - deyə o bildirib.

Baş nazir vətəndaşları peyvəndin hər iki dozasının qəbul edilməsi məsələsində diqqətli olmağa çağırıb. O bildirib ki, birinci dozanın qəbulundan sonra peyvəndin ikinci dozası vurulmalıdır.

Baş nazir Modi peyvənd vurulması kampaniyasının birinci mərhələsində 30 milyon insana peyvənd vurulduğunu deyib, bildirib ki, bu rəqəm dünyanın ən azı 100 ölkəsinin əhalisindən çoxdur.

O, ikinci mərhələdə bu rəqəmin 300 milyona çatdırılacağını, yaşlılara və ciddi sağlıq problemləri olan şəxslərə peyvənd vurulacağını deyib.

Baş nazir vətəndaşları hər hansı konspirologiyaya və şayiələrə inanmağa çağırıb, vurğulayıb ki, Hindistanın tibb sistemi, peyvənd üzərində işləyən alimləri, bu proses beynəlxalq səviyyədə etibara malikdir və bu etibar davamlı uğurlar sayəsində qazanılıb.

Hindistanın Baş naziri bildirib ki, pandemiyanın yayıldığı ilk günlərdə ölkə buna qarşı həssaslıq göstərərək doğru məqamlarda doğru qərarlar qəbul edib. 2020-ci il yanvarın 30-da ölkədə ilk yoluxma halı qeydə alınan zaman Hindistanda bu problemlə mübarizə aparmaq üçün yüksək səviyyəli komitə yaradılıb. Ölkə hökuməti yoluxma qeydə alınmazdan əvvəl vətəndaşlarına tövsiyə və xəbərdarlıqlar edib. Baş nazir bildirib ki, Hindistan, həmçinin, hava limanlarında sərnişinlərin hərarətlərini yoxlama sistemi quraşdıran ilk ölkələrdəndir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR