Hindistanda etiraz aksiyalarında ölənlərin sayı 11 nəfərə çatıb

Hindistanda etiraz aksiyalarında ölənlərin sayı 11 nəfərə çatıb
# 21 dekabr 2019 11:51 (UTC +04:00)

Hindistanda yeni vətəndaşlıq qanununa qarşı keçirilən etiraz aksiyalarında ölənlərin sayı artıb.

APA-nın "Times of India" qəzetinə istinadən verdiyi xəbərə görə, Hindistanın Uttar Pradeş ştatında aksiya iştirakçıları ilə polis arasında baş verən toqquşmada son 48 saatda həyatını itirənlərin sayı 11 nəfərə çatıb.

Yerli xəstəxanalardan verilən məlumata görə isə yüzlərlə insan bu aksiyalarda yaralanıb.

Polis aksiya iştirakçılarına atəş açılmadığını, asayişi qoruyan 50 polis işçisinin yaralandığını bəyan edib.

Ştat polisinin məlumatına görə, aksiyalarda 200-ə yaxın şəxs həbs olunub, 3300 nəfər isə hüquq-mühafizə orqanlarına itaətsizlikdən saxlanılıb.

Qeyd edək ki, ötən həftə Hindistanın vətəndaşlıq qanununa edilən düzəlişdən sonra ölkənin müxtəlif yerlərində etiraz aksiyaları başlayıb. Yeni düzəlişlər Cənubi Asiyadakı qonşu ölkələrdən - Əfqanıstan, Pakistan və Banqladeşdən olan qeyri-müsəlmanların vətənlərində təzyiqlə qarşılaşdıqları təqdirdə sadələşdirilmiş bir prosedurla Hindistan pasportu əldə etmələrini təmin edir. Bu siyahıya müsəlmanlar daxil edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR