Yaponiyada saxlanılan kruiz gəmisində 10 nəfərdə koronavirus aşkar edilib

Yaponiyada saxlanılan kruiz gəmisində 10 nəfərdə koronavirus aşkar edilib
# 05 fevral 2020 07:51 (UTC +04:00)

Yaponiyalı həkimlər fevralın 3-dən Yokohama limanı yaxınlığında sularda olan “Diamond Princess” kruiz gəmisində 10 nəfərdə yeni növ koronavirusa yoluxma halı aşkarlayıblar.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Səhiyyə, Əmək və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.

“Biz gəminin bütün sərnişinlərini və heyətini tibbi baxışdan keçirdik. Yoluxmuş insanlarla ünsiyyət saxlayan və xəstəliyin simptonları olan 273 nəfərdən analizlər götürülüb. Hazırda 31 nəfərin yoxlamasının cavablarını əldə etmişik ki, onlardan 10 nəfər bu virusun daşıyıcısıdır”, - deyə nazir Katsunobu Kato Tokioda keçirdiyi mətbuat konfransında açıqlayıb. Ümumilikdə gəmidə 3,7 min sərnişin və ekipaj üzvü var.

K.Katonun sözlərinə görə, virusa yoluxan şəxslərin hamısı sahil mühafizəsinə məxsus gəmilərlə xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin normal olduğu bildirilir. Kruiz gəmiyə isə sahilə yaxınlaşmağa hələlik icazə verilmir.

Qeyd edək ki, “Diamond Princess” səyahət gəmisi Yokohamadan yanvarın 20-də ayrılıb və fevralın 3-də geri qayıdıb. Yolüstü gəmi Yaponiyanın Okinava və Küsü adalarındakı, eləcə də Honkonq və Vyetnamdakı limanlara baş çəkib. Koronavirusa yoluxmuş 80 yaşlı sərnişin yanvarın 20-dən 25-dək gəmidə olub və Honkonq limanında gəmini tərk edib. Hazırda həmin kişi də xəstəxanada həkim nəzarətindədir.

Yaponiyalı rəsmilər gəminin karantin müddətinin iki həftə davam edəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR