Qazaxıstanda "28 MAY" qəzeti nəşr edilib

Qazaxıstanda "28 MAY" qəzeti nəşr edilib
  • Clock-gray 19:21
  • calendar-gray 07 May 2018

Qazaxıstanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə "28 MAY" qəzeti nəşr edilib.

 

APA-nın xəbərinə görə, qəzetin ideya müəllifi və baş redaktoru Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Türk-Qazax Universitetinin azərbaycanlı tələbəsi Ruslan Dost Əlidir. Türk və qazax dillərində 1000 tirajla yayımlanan qəzet 12 səhifədən və 2 fəsildən ibarətdir.

 

Məhəmməd Əmin Rəsulzadənin və Heydər Əliyevin sözləri ilə açılan qəzetin birinci fəslində AXC-nin yaranma tarixi, o dövrdə baş verən ictimai-siyasi proseslər, 23 ay davam etməsinə baxmayaraq, Cümhuriyyətin səmərəli fəaliyyəti geniş işıqlandırılıb. Həmçinin Məhəmməd Əmin Rəsulzadənin parlamentdəki çıxışı təqdim edilib, AXC qurucuları və Azərbaycanın dövlət rəmzləri haqqında ətraflı məlumat verilib. Qəzetə Cümhuriyyət dövrünə aid bir sıra şəkillər və rəsmi sənədlərin surəti də daxil edilib. İkinci fəsildə isə "100 yaşlı Cümhuriyyətin 95 yaşlı qoruyucusu" başlığı altında Heydər Əliyevin 95 illik yubileyi münasibətilə Ümummilli liderin həyatı, ictimai-siyasi fəaliyyəti diqqətə çatdırılır və müasir Azərbaycanın həyatında müstəsna xidmətlərindən söhbət açılır.

 

Qəzetdə Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı və 1998-ci ildə xalqın qarşısında söylədiyi tarixi nitqinə yer verilib. Həmçinin 1997-ci ildə ulu öndər Qazaxıstana ilk səfəri çərçivəsində Almatı şəhərində Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşü zamanı rəsmi çıxışı da qazax dilində oxuculara təqdim edilib. Sonda müasir Azərbaycanla bağlı ətraflı dolğun, geniş məlumat verilərək, Azərbaycanın dünyada müstəqil siyasət apardığı nüfuzlu dövlət, etibarlı əməkdaş olaraq tanındığı və qəbul edildiyi diqqətə çatdırılır. "28 MAY" qəzeti Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Universitetin azərbaycanlı tələbələri Ruslan Dost Əli və Ziya Əkbərlinin vəsaitləri hesabına nəşr edilib.

 

Qəzet mayın 18-də Beynəlxalq Əhməd Yasəvi universitetdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr ediləcək tədbir çərçivəsində universitetin müəllim və tələbə kollektivinə təqdim olunacaq. Eyni zamanda Beynəlxalq Türk Akademiyasına, Qazaxıstanın Nazarbayev, Əl-Fərabi, Süleyman Dəmirəl və Güney Qazaxıstan Dövlət Universiteti kimi nüfuzlu universitetləri ilə yanaşı, Qırğızıstanın Manas Universitetinə də hədiyyə ediləcək. Xatırladaq ki, hazırda türkdilli Beynəlxalq Əhməd Yəsəvi Universitetində türk dünyasının 30 fərqli coğrafiyasından gəlmiş 10 mindən çox tələbə təhsil alır.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date