TÜRKPA: Türkiyədə seçkilər beynəlxalq standartlara uyğun keçirilib

TÜRKPA: Türkiyədə seçkilər beynəlxalq standartlara uyğun keçirilib
# 25 iyun 2018 16:50 (UTC +04:00)

Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) beynəlxalq müşahidəçi missiyası Türkiyədə keçirilən prezident və parlament seçkilərinin müşahidəsinin nəticələrinə dair yekun rəyini açıqlayıb.

TÜRKPA-dan APA-ya verilən məlumata görə, TÜRKPA beynəlxalq müşahidəçi missiyasının rəhbəri, Milli Məclisinin üzvü Əhliman Əmiraslanov yekun rəyi təqdim edib.

Missiya paytaxt Ankarada 40-dan artıq səsvermə məntəqəsini ziyarət edib və 3 məntəqədə səslərin sayılması prosesində iştirak edərək məntəqə rəsmiləri və seçicilərlə söhbət aparıb. Seçkidən bir gün əvvəl müşahidəçilər Yüksək Seçki Şurasının sədri Sadi Güvən və siyasi partiya nümayəndələri ilə görüşüb. Bu görüşlər zamanı müşahidəçilərə seçkilərə hazırlıqlarla, eləcə də seçki platformaları və Türkiyənin aparıcı siyasi qüvvələrinin siyasəti haqqında ətraflı məlumat verib. Missiya seçki idarəçiliyində hər hansı ciddi pozuntu aşkar etmədiyini, müvafiq orqanların resurslarla yaxşı təmin olunduğu və seçkilərin keçirilməsinə peşəkarlıqla hazırlaşdığını qeyd edib.

TÜRKPA müşahidəçi missiyası iyunun 24-də Türkiyədə keçirilmiş prezident və parlament seçkilərinin Türkiyənin milli qanunvericiliyi və beynəlxalq seçki standartlarına uyğun keçirildiyi qənaətinə gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR