İran XİN: Maduronun səfər tarixi tezliklə açıqlanacaq

Maduro

© APA | Maduro

# 10 yanvar 2022 12:55 (UTC +04:00)

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və Venesuela Prezidenti Nikolas Maduro İrana səfər edəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi həftəlik mətbuat konfransında deyib.

S. Xətibzadə deyib ki, Türkmənistan Prezidentinin səfərinə artıq hazırlıqlar başlayıb.

Onun sözlərinə görə, Venesuela Prezidenti Nikolas Maduronun da səfər tarixi tezliklə açıqlanacaq.

S. Xətibzadə İran Prezidenti İbrahim Rəisinin Rusiyaya baş tutacaq səfərindən də danışıb: “Bu səfər İran və Rusiya arasında əməkdaşlıq çərçivəsində baş tutacaq. Səfərdə həm ticarət məsələləri, həm də regional məsələlər müzakirə olunacaq. İran və Rusiya arasında əlaqələr yaxşı qonşuluq prinsipi əsasında qurulub”.

Qazaxıstanda baş verən proseslərə toxunan S. Xətibzadə baş verən prosesləri yaxından izlədiklərini və davamlı olaraq Qazaxıstan tərəfi ilə əlaqə yaratdıqlarını bildirib: “Düşünürük ki, Qazaxıstan xalqı ən az ziyanla bu problemi həll etmək iqtidarındadır. Bəzi əcnəbi ölkələrin müdaxiləsini müşahidə edirik. Bu gün Qazaxıstanda daha çox sabitlik yaranıb və ümid edirik tezliklə bu məsələ dinc yolla öz həllini tapacaq”.

İran XİN sözçüsü Vyanada aparılan müzakirələrə də toxunub.

“Davamlı olmayan və İranın etimad etmədiyi heç bir saziş müzakirə predmeti deyil”, - XİN rəsmisi qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR