Yaponiya rəsmiləri Çindəki Olimpiya Oyunlarında iştirak etməyəcək

Yaponiya rəsmiləri Çindəki Olimpiya Oyunlarında iştirak etməyəcək
# 24 dekabr 2021 12:05 (UTC +04:00)

Yaponiya hökumətinin rəsmiləri Çində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirak etməyəcək.

APA-nın DPA agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiyanın hökumət sözçüsü Hirokazu Matsuno deyib.

O bildirib ki, bu il Yaponiyada keçirilmiş Yay Olimpiya Oyunlarının təşkilat komitəsinin prezidenti Seiko Haşimoto və digər iki nümayəndə, o cümlədən Paralimpiya Komitəsinin Prezidenti Kazuyuki Mori Pekinə ezam olunacaq, lakin hökumət nümayəndələrindən ibarət heyət Qış Olimpiya Oyunlarına qatılmayacaq.

Yaponiya hökumətinin söçüsü bu qərarı ABŞ-ın tətbiq etdiyi diplomatik boykotla müqayisə etməyi düzgün saymayıb.

"Yaponiyanın bu situasiyaya yanaşmasının xüsusi adı yoxdur", - o qeyd edib.

Matsunonun sözlərinə görə, Çində azadlıq, fundamental insan hüquqlarına hörmət və qanunun aliliyi kimi ümumbəşəri dəyərlərinin təmin edilməsi vacibdir.

Bu addım Tokionun Çin rəhbərliyini birbaşa təhrik etməmək cəhdi kimi qiymətləndirilir. 2022-ci ildə Çin və Yaponiya diplomatik münasibətlərinin normallaşmasının 50 illiyini qeyd edəcək və iki ölkə arasında sıx iqtisadi əlaqələr var. Lakin Yaponiyanın İkinci Dünya müharibəsi zamanı ələ keçirdiyi adalara nəzarəti səbəbindən Çinlə əlaqələr mübahisəli hesab olunur, eyni zamanda, Yaponiya da Çinin regionda güclənmək ambisiyasından narahatdır. Çin uyğurlar və tibetlilərin insan haqlarını pozduğuna, Honq-Konqda demokratiya hərəkatını boğduğuna və Tayvana qarşı təhdidlərə görə tənqid edilir.

Qeyd edək ki, Yaponiyadan əlavə ABŞ, Kanada və Böyük Britaniya da gələn il fevralın 4-dən 20-dək Pekində baş tutacaq oyunlara hökumət nümayəndələrini göndərməməyə qərar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR