Azərbaycanlıların yaşadığı Marneulidə 74 məktəb direktorsuz qalıb

Azərbaycanlıların yaşadığı Marneulidə 74 məktəb direktorsuz qalıb
  • Clock-gray 12:09
  • calendar-gray 11 Mart 2021

Marneuli bələdiyyəsində ictimai məktəb direktorlarının 6 illik vəzifə müddətlərinin başa çatması ilə əlaqədar 74 məktəbi direktor vəzifəsini icra edən şəxslər idarə edir.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə “RadioMarneuli” Marneuli Resurs Mərkəzinə (Maarif şöbəsi) istinadən məlumat yayıb.

Bildirilib ki, direktorların bir qisminin vəzifə müddəti 2020-ci ilin dekabrında, bir qisminin isə cari ilin yanvarında başa çatıb.

Hazırda həmin direktorlar səlahiyyətlərinin icrasını davam edirlər, lakin sadəcə icraçı adlandırılırlar. Bəzi hallarda isə dərs hissə müdirləri direktor səlahiyyətini icra edirlər.

Qeyd edək ki, Marneuli Resurs Mərkəzi də Kənan Ömərovun Marneuli merinin müavini təyin edilməsindən sonra direktor olmadan fəaliyyət göstərir və mərkəzi direktor səlahiyyətlərinin icraçısı idarə edir. Yerli qanunvericiliyə görə, müvafiq təcrübəsi və sertifikatı olan direktorlar imtahan vermədən məktəb direktoru vəzifəsinə yenidən namizədliklərini irəli sürə bilərlər. Ali təhsilli, 3 illik iş təcrübəsi və təhsil sahəsində ən az bir il stajı olan şəxslərin də müsabiqədə iştirakı mümkündür. Direktorlar məktəbdəki Qəyyumlar Şurasının seçimi əsasında müəyyən edilir. İctimai məktəb direktorlarının seçim müsabiqəsi 2020-ci ilin martında keçirilməli idi, ancaq pandemiya ilə əlaqədar imtahanlar təxirə salınıb və yeni imtahanın vaxtı hələlik məlum deyil.

Səid Babazadə

Digər xəbərlər