Gürcüstanda fevralın 1-dən bir sıra məhdudiyyətlər götürüləcək

Gürcüstanda fevralın 1-dən bir sıra məhdudiyyətlər götürüləcək
  • Clock-gray 13:29
  • calendar-gray 22 Yanvar 2021

Gürcüstanda koronavirus pandemiyası səbəbi ilə tətbiq edilən məhdudiyyətlərin fevralın 1-dən etibarən götürülməsinə başlanılacaq.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Baş nazirinin müavini Maya Tskitişvili keçirdiyi brifinqdə məlumat verib.

O bildirib ki, Gürcüstan Qurumlararası Koordinasiya Şurasının qərarına əsasən, 1 fevraldan etibarən Batumi, Zuqdidi, Qori, Poti və Telavi şəhərlərində ictimai nəqliyyatın, məktəblərin, alış-veriş mərkəzlərinin və digər ticarət obyektlərinin fəaliyyəti bərpa ediləcək.

Tbilisi, Kutaisi və Rustavi şəhərlərində isə yalnız ticarət obyektlərinin fəaliyyətini bərpa etməsinə icazə veriləcək. Həmin şəhərlərdə ictimai nəqliyyatın və məktəblərin fəaliyyətinin martın 1-də bərpa edilməsi planlaşdırılıb.

Fevralın 1-dən Acarıstan Muxtar Respublikasında açıq havada fəaliyyət göstərən iaşə obyektlərinin fəaliyyətlərini bərpa etməsinə də icazə verilib.

M. Tskitişvili qeyd edib ki, ölkə ərazisində hər gün saat 21:00-dan 05:00-dək tətbiq edilən sərbəst hərəkət məhdudiyyətinin martın 1-də götürülməsi planlaşdırılıb.

Xizək kurort zonalarına tətbiq edilən məhdudiyyət də qüvvədə saxlanılıb.

Səid Babazadə

Digər xəbərlər