Türkiyədə qar uçqununda ölənlərin sayı 41-ə çatıb - YENİLƏNİB-5

Türkiyədə qar uçqununda ölənlərin sayı 41-ə çatıb - YENİLƏNİB-5
# 06 fevral 2020 16:33 (UTC +04:00)

Türkiyənin Van bölgəsində baş verən ikinci qar uçqunundan sonra ölənlərin sayı 41 nəfərə çatıb.

APA-nın yerli bürosunun NTV telekanalına istinadən verdiyi məlumata görə, hazırda uçqun altında qalanların olub-olmaması haqqında tam məlumat yoxdur.

***

5 fevral, saat 18:21

Bu gün Türkiyənin Van bölgəsində baş verən ikinci qar uçqununda ölənlərin sayı 38 nəfərə çatıb.

APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, daha 7 nəfər uçqunun qurbanı olub.

Beləliklə, bu gün baş vermiş iki qar uçqununda ölənlərin sayı 38 nəfərə yüksəlib.

Gecə saatlarında baş vermiş ilk qar uçqununda 5 nəfər ölmüşdü.

***

17.23

Türkiyənin Van bölgəsində qar uçqununda ölənlərin sayı artmaqda davam edir.

APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, ikinci uçqunda ölənlərin sayı 26 nəfərə çatıb, 53 nəfər yaralanıb.

Beləliklə, bu gün baş vermiş iki qar uçqununda 31 nəfər ölüb.

Gecə saatlarında baş vermiş ilk qar uçqununda 5 nəfər ölmüşdü.

***

16.27

Bu gün Türkiyənin Van bölgəsində baş vermiş ikinci qar uçqununda ölənlərin sayı artıb.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində ölənlərin sayı 23-ə çatıb.

Onlardan 8 nəfəri hərbçi, 6 nəfəri xilasedici, 9 nəfəri isə mülki şəxsdir.

Qeyd edək ki, bu gecə Vanda baş verən qar uçqununda 5 nəfər ölüb. Xilasedicilər qarın altında qalanları xilas etmək üçün ərazidə axtarış-xilasetmə işləri apararkən növbəti qar uçqunu baş verib. Bir neçə metrlik qar qatının altından 50 nəfər çıxarılaraq xəstəxanalara yerləşdirilib. Daha 10-15 nəfərin isə qarın altında qaldığı ehtimal edilir.

***

saat 15:02

Türkiyənin Van bölgəsində bu gün baş verən ikinci qar uçqunu nəticəsində 8 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu gün ötən axşam uçqun altında qalan 2 nəfəri xilas etmək üçün Bahçesaray rayonunda dağlıq əraziyə cəlb olunan xilasetmə briqadası təbii fəlakətlə üzləşib. Rayonun bələdiyyə sədri Meki Aras bildirib ki, əraziyə cəlb olunmuş 300 xilasedici qar uçqunu altında qalıb. Onlardan 25 nəfər xilas edilib, 8 nəfərinsə meyiti tapılıb. Hazırda itkin düşmüş 10-15 nəfər axtarılır.

Bununla da iki qar uçqununda ölənlərin sayı 13 nəfər çatıb.

***

14.40

Türkiyənin Van bölgəsində növbəti qar uçqunu baş verib.

APA-nın xəbərinə görə, bu gün ötən axşam uçqun altında qalan 2 nəfəri xilas etmək üçün Bahçesaray rayonunda dağlıq əraziyə cəlb olunan xilasetmə briqadası təbii fəlakətlə üzləşib.

Rayonun bələdiyyə sədri Meki Aras bildirib ki, əraziyə 300 xilasedici cəlb edilib. Qəfildən qar uçqunu baş verib. Nəticədə onlarla şəxs uçqun altında qalıb. Bələdiyyə sədri indiyədək 25 nəfərin xilas edildiyini, qar uçqunu altında 50-dən çox adamın qaldığını bildirib.

***

08.23

Türkiyənin Van vilayətinin Bağçasaray bölgəsində qartəmizləyən texnikanın və mikroavtobusun qar uçqunu altında qalması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, ümumilikdə 7 nəfər xilas olunub.

APA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Van vilayətinin valisi Mehmet Emin Bilməz məlumat verib.

Onun sözlərinə görə, ərazidə xilasedicilər gecə boyu axtarışlar aparıb. Yerli sakinlər də bu işdə onlara köməklik göstərib: “Hazırda 5 vətəndaşımız həyatını itirib, sağ çıxarılan 7 yaralımız da var. Daha 2 nəfərin də qar uçqunu altında qaldığını düşünürük. Bölgədə işlər davam etdirilir”.

Yaralı halda mikroavtobusdan çıxarılanlar xəstəxanaya yerləşdirilib.

Hazırda xilasetmə işləri davam etdirilir. Gecə boyu yağan qar təkrar uçqunun ola biləcəyi təhlükəsini artırıb.

***

Saat 00:05

Türkiyənin şərqində yerləşən Van vilayətində baş verən qar uçqunu nəticəsində bir mikroavtobusda olan azı dörd sərnişin ölüb, daha beş nəfər yaralanıb.

APA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə Van-Bağçasaray magistral yolunda baş verib.

Məlumata görə, həmin yolda qartəmizləyən maşın işləyirmiş. Qəfildən uçqun olub və qar təbəqəsi avtomobilin üstünə tökülüb. Nəticədə mikroavtobus 40 metr yüksəklikdən uçuruma düşüb.

Əraziyə xilasedicilər cəlb olunub. Avtomobildə olan beş nəfər yaralı halda çıxarılaraq xəstəxanaya çatdırılıb. Dörd nəfərinsə cəsədi çıxarılıb.

Xilasedicilər daha dörd nəfərin qar uçqunu altında qaldığını ehtimal edir. Xilasetmə işləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR