Avropa Parlamenti qaz böhranından sonra Avropanın energetika siyasətinə dair yeni tövsiyələr hazırlayıb

Avropa Parlamenti qaz böhranından sonra Avropanın energetika siyasətinə dair yeni tövsiyələr hazırlayıb
# 22 yanvar 2009 10:07 (UTC +04:00)
Brüssel. Aleksandr Kin-APA. Avropa Parlamentinin sənaye, elm və energetika komitəsi son qaz böhranından sonra Avropa İttifaqının gələcək energetika siyasətinə dair tövsiyələr layihəsini təsdiqləyib. APA-nın Brüsseldəki xüsusi müxbirinin verdiyi məlumata görə, deputatlar Avropa Komissiyasının 2004-cü ildə qəbul olunmuş qaz nəqlinin təhlükəsizliyinə dair direktivə yenidən baxmağı tövsiyə ediblər. Bundan başqa deputatlar yeraltı qaz anbarları şəbəkəsinin genişləndirilməsini və Avropanın vahid qaz kəməri sisteminin yaradılmasını məqbul sayıblar. Sənəddə qeyd olunur ki, Avropa İttifaqına üzv ölkələrin qaz idxalından asılılığı son dərəcə yüksəkdir, 2030-cu ilə kimi isə bu rəqəm indiki 50 faizdən 70 faizədək yüksələ bilər. Deputatlar buna rəğmən Avropanın qaz bazarında 42, neft məhsulları bazarında isə 30 faizlik paya sahib olan Rusiya ilə yeni tərəfdaşlıq müqaviləsinin imzalanmasını tələb ediblər. Avropa Parlamenti həmçinin əlaqə qaz kəmərlərinin, o cümlədən Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri, “Cənub axını” qaz kəmərinin çəkilişinin sürətləndirilməsini istəyiblər. Qanun layihəsi Avropa parlamentinin fevralda keçiriləcək sessiyasında müzakirəyə çıxarılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR