ABŞ-dakı yəhudi təşkilatları Türkiyənin baş nazirinə sərt məktub göndəriblər

ABŞ-dakı yəhudi təşkilatları Türkiyənin baş nazirinə sərt məktub göndəriblər
# 23 yanvar 2009 08:30 (UTC +04:00)
Ankara – APA. ABŞ-dakı ən böyük 5 yəhudi təşkilatı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana məktub göndərərək bu ölkədə antisemitizm dalğasının baş qaldırmasından ciddi narahat olduqlarını bildiriblər. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, məktubda deyilir ki, İsrailin Qəzzada keçirdiyi əməliyyat yəhudi əleyhdarlığına əsas yarada bilməz: “İsrailin İstanbuldakı konsulluğu önündə yəhudilərə nifrət yağdırılır. İstanbulun hər yerində bilbordlarda yəhudi əleyhdarlığını ifadə edən şüarlar yazılıb. Türkiyədəki yəhudilər özlərini təhlükə altında və küncə sıxışdırılmış vəziyyətdə hiss edirlər. Ölkədə yüksələn antisemitizmlə rəsmi şəxslərin qızışdırıcı açıqlamaları arasında bir əlaqə olduğu ortadadır”.
Məktubu Amerika Yəhudi Komitəsi (AJC), İftira ilə Mübarizə Liqası (ADL), ABŞ Yəhudi Təşkilatları Sədrləri Konfransı (CPMAJO), Milli Təhlükəsizlik İşləri üçün Yəhudi İnstitutu (JİNSA) və “B’nai B’rith” adlı qurum imzalayıb. ADL sədri Abraham Foksman “Milliyet” qəzetinə açıqlamasında Türkiyədə müşahidə olunan yəhudi əleyhdarlığında baş nazir R. T. Ərdoğanın açıqlamalarının rol oynadığını deyib: “Türkiyə bizim dostumuz idi. Hələ də inana bilmirəm. Çox üzgün və şaşqınam. İsrailin siyasətini bəyənməyə bilərsiniz. Amma bunu tənqid etməyin də bir üsulu var. Baş nazirin söylədiyi sözləri çox diqqətlə seçdiyi ortadadır. Çox sərt danışır”. Başqa bir yəhudi təşkilatının təmsilçisi isə illərdir Konqresdə “erməni soyqırımı”nın tanınmasına qarşı çıxdıqlarını xatırladıb: “Amma bu dəfə çox çətin olacaq. Əvvəllər təkcə Türkiyə haqlı olduğuna görə yox, eyni zamanda dostumuz olduğuna görə sizə dəstək verirdik. Hazırda isə Türkiyənin dostumuz olduğunu söyləmək çətindir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR