Gürcüstan parlamentinin deputatı Viktor Dolidze: “Azərbaycanlı kadrlara böyük önəm veriləcək”

Gürcüstan parlamentinin deputatı Viktor Dolidze: “Azərbaycanlı kadrlara böyük önəm veriləcək”
# 05 oktyabr 2012 12:52 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. “Bu gün “Gürcü arzusu” hakimiyyətə gəlib, gürcülərin arzusu çin olub. “Gürcü arzusu”nun hakimiyyətə gəlməsində Gürcüstanda yaşayan azərbaycanlıların da böyük rolu olub”. Bu sözləri APA-nın Gürcüstan bürosuna açıqlamasında Gürcüstan parlamentinin yeni seçilmiş deputatı Viktor Dolidze deyib.

O, yeni parlamentdə azərbaycanlı deputatların da fəaliyyət göstərəcəyini söyləyib: “Sözsüz ki, onların əsas prioritetlərindən biri azərbaycanlıların problemləri və istəkləri olacaq. Gürcüstanın Azərbaycanla əlaqəsi daha da möhkəmlənəcək. Gürcüstan da, Azərbaycan da GUAM-ın üzvüdür və biz beynəlxalq iclaslarda həmişə bir-birimizi dəstəkləmişik. Azərbaycan bizim üçün həmişə qonşu, dost, strateji tərəfdaş ölkə kimi tarixən yaxın olub. Biz həmişə Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsini pisləmişik. Eləcə də Gürcüstanın Abxaziya və Cənubi Osetiya əraziləri işğal edilib. Mən bir deputat kimi bu məsələnin sülh yolu ilə həllinin tərəfdarıyam. Mən həm İlham Əliyevin, həm Sarkisyanın, həm də İvanişvilinin torpaqlarımızın azad edilməsi üçün danışıq proseslərini gündəmə gətirərək müsbət nəticələrə nail olmalarını istəyirəm. Bir vaxt olacaq ki, biz öz torpaqlarımızı sülh yolu ilə azad edəcəyik. Bu, ən yaxşı yoldur. Bu, “Gürcü arzusu”nun da istəyidir”.

Deputat Gürcüstanın hakimiyyət və güc strukturlarında, eləcə də digər idarələrdə azərbaycanlı kadrlara böyük önəm veriləcəyini bildirib. Onun sözlərinə görə, layiqli, bilikli, Gürcüstanı sevən, onun gələcəyinə inanan və dövlət dilini bilən gənc azərbaycanlı kadrlar irəli çəkiləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR