Gürcüstan parlamenti “oliqarxsızlaşdırma qanunu”nu I oxunuşda qəbul edib

Gürcüstan parlamenti “oliqarxsızlaşdırma qanunu”nu I oxunuşda qəbul edib
# 03 noyabr 2022 13:22 (UTC +04:00)

Gürcüstan parlamenti “oliqarxsızlaşdırma qanunu”nu I oxunuşda qəbul edib.

APA-nın yerli bürosu xəbər verir ki, noyabrın 2-də parlament sessiyasında müzakirəyə çıxarılan sənəd bu gün səsə qoyularaq 80 deputatın dəstəyi ilə qəbul edilib, 9-u isə layihənin əleyhinə səs verib.

Hakimiyyət qanun layihəsinin Ukraynadakı bənzəri əsasında hazırlandığını və oxşar məzmuna malik olduğunu bəyan edib.

Layihəyə görə oliqarx ictimai həyatda nəzərəçarpan iqtisadi və siyasi çəkisi olan fiziki şəxsdir və aşağıdakı kriteriyalardan ən az üçünə uyğun gəlir:

a) Siyasi həyatda iştirak edir;

b) KİV üzərində nəzərəçarpan təsiri var;

c) Bazarda dominant mövqeyə malik olan və bu mövqeyi 1 il ərzində saxlayan və ya inkişaf etdirən qanuni sahibkarlıq müəssisənin əsas benefisiarıdır;

ç) Təsdiqlənmiş aktivlərinin və ya əsas benefisiarı olduğu qanuni sahibkarlıq müsəssisəsinin aktivlərinin dəyəri iş qüvvəsi üçün nəzərdə tutulmuş yaşayış minimumunun 1 milyon qatını ötür;

Yeni qanun layihəsinə görə, oliqarxlar xüsusi dövlət reyestrinə daxil ediləcəklər. Reyestrin yaradılması və tətbiqi də daxil olmaqla əlaqəli qaydalar Gürcüstan parlamenti tərəfindən təsdiq ediləcək.

Qanun layihəsinə görə, oliqarx kimi təsdiqlənmiş şəxslərin xüsusilə də siyasi sahə ilə əlaqəli müəyyən maliyyə fəaliyyətləri məhdudlaşdırılacaq.

Belə ki, onların siyasi partiyaları dəstəkləmək məqsədilə müəyyən donasiyalar etməsinə, seçki prosesində siyasi partiyaları, siyasi kampaniyaları maliyyələşdirməsinə, siyasi tələblərlə nümayiş və toplantılar keçirməsinə, həmçinin özəlləşdirmə zamanı dövlətə məxsus genişmiqyaslı müəssisələri satın almasına icazə verilməyəcək.

Layihəyə əsasən “oliqarxsızlaşdırma qanunu” tətbiq edildiyi vaxtdan etibarən 10 il müddətində qüvvədə olacaq.

Xatırladaq ki, “oliqarxsızlaşdırma qanunu”un qəbul edilməsi Aİ-nin Gürcüstana namizəd statusu verilməsi üçün 12 tövsiyəsindən biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR