“Lukoyl”-un Direktorlar Şurasının sədri xəstəxananın pəncərəsindən yıxılaraq ölüb, intihar ehtimalı var

Ravil Maqanov

© APA | Ravil Maqanov

# 01 sentyabr 2022 11:48 (UTC +04:00)

Rusiyanın ikinci ən böyük neft şirkəti olan “Lukoyl”un Direktorlar Şurasının sədri Ravil Maqanov Moskvada Mərkəzi Klinik Xəstəxananın pəncərəsindən yıxılaraq ölüb.

APA "İnterfax"a istinadən xəbər verir ki, bu barədə məlumatlı mənbə bildirib.

"Bu gün səhər saatlarında Maqanov Mərkəzi Klinik Xəstəxananın pəncərəsindən yıxılıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib”, - mənbə bildirib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Hadisə ilə bağlı rəsmi məlumat verilmir.

R. Maqanovun intihar etdiyi ehtimal olunur.

Maqanov "Lukoyl"-də rəhbər vəzifələrdə çalışıb. 2020-ci ildə neft şirkətinin Direktorlar Şurasının sədri Valeri Qrayferin ölümündən sonra idarə heyətinə rəhbərlik edib.
Qeyd edək ki, "Lukoyl" Ukraynadakı müharibədən narahtlığını ifadə edən şirkətlərdən biridir.

"Direktorlar Şurası Ukraynada baş verən faciəli hadisələrlə bağlı dərin narahatlığını bildirir. Silahlı münaqişənin tezliklə dayandırılmasına çağıraraq, bu faciədən zərər çəkən bütün qurbanlara səmimi başsağlığımızı bildiririk. Biz davamlı atəşkəsin və problemlərin ciddi danışıqlar və diplomatiya yolu ilə həllinin tərəfdarıyıq.

Şirkət özünün əsas missiyasına sadiq qalaraq, bütün dünya üzrə istehlakçılara etibarlı enerji təchizatçısı kimi fəaliyyət göstərdiyi bütün ölkələrdə və regionlarda fəaliyyətini davam etdirmək üçün səy göstərir. "Lukoyl" öz fəaliyyətində sülhə, beynəlxalq münasibətlərə və humanitar əlaqələrə töhfə verməyə çalışır", - şirkətin Direktorlar Şurasının mart ayında yaydığı bəyanatda bildirilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR