Saakaşvili Gürcüstanın "Buk" sistemlərini Ukraynaya verməməsini xəyanət adlandırıb - YENİLƏNİB

Saakaşvili Gürcüstanın "Buk" sistemlərini Ukraynaya verməməsini xəyanət adlandırıb - YENİLƏNİB
# 10 yanvar 2023 14:26 (UTC +04:00)

Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşvili "Buk" raket sistemlərinin Ukraynaya verilməməsinə münasibət bildirib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Saakaşvili sözügedən sistemlərin öz iqtidarı dövründə Ukrayna Prezidenti Viktor Yuşşenkonun köməyi ilə minimal qiymətə alındığını deyib.

"Buk” sistemlərinin Ukraynaya verilməsindən imtina etmək ayıbdır. Prezident Yuşşenkonun yardımı ilə biz onları həmin dövrdə minimal qiymətə aldıq. Yanukoviç hakimiyyətə gəldiyi zaman "Buk"un Gürcüstana verilməsinə görə, Yuşşenkoya qarşı məhkəmə işi açıldı və onlar bunu Rusiyanın təlimatları ilə etdilər", Saakaşvili deyib.

Gürcüstana Buk sistemlərinin istifadəsini öyrədən Ukrayna zabitinin 2017-ci ildə qətlə yetirildiyini qeyd edən Saakaşvili Gürcüstanın "Buk" sistemlərini qaytarmamasını xəyanət adlandırıb və bunun Gürcüstan-Ukrayna münasibətlərinə xələl gətirdiyini bildirib.

***

13:12

Gürcüstan Müdafiə Nazirliyi (MN) Kiyevin 2008-ci il müharibəsi zamanı Gürcüstana “Buk” raket sistemləri verməsi ilə bağlı məlumatları təkzib edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan MN-nin bəyanatında bildirilib. Qeyd olunub ki, Ukraynanın Gürcüstana “Buk” sistemlərini təmənnasız verməsi ilə bağlı məlumatlar doğru deyil.

Əlavə olunub ki, sözügedən raket sistemləri 2007-ci ildə tərəflər arasında əldə edilmiş gizli razılaşma əsasında Gürcüstan tərəfindən satın alınıb.

Bəyanatda Gürcüstanın Ukraynaya humanitar və siyasi dəstəyini davam etdirdiyi, artıq milyonlarla ton humanitar yardımın göndərildiyi qeyd olunub. Əlavə olunub ki, Kiyevə humanitar yardımlar çərçivəsində Baş nazir İrakli Qaribaşvilinin göstərişi ilə satın aldınmış generatorlar da var.

Qeyd edək ki, Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov ötən gün Ukrayna mətbuatında dərc edilmiş məqaləsində qeyd edib ki, Kiyev 2008-ci il müharibəsi zamanı Ukraynanın Gürcüstana verdiyi “Buk” raket komplekslərini geri qaytarmasını xahiş edib. O, Ukraynanın Tbilisidən həmçinin ABŞ-dan aldığı "Javelin" sistemlərini istədiyini də qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR