Səfir: "Hər bir ukraynalının ürəyi bu müharibədə qalib gəlmək ümidi ilə döyünür" - Məqalə

Vladislav Kanevski

© APA | Vladislav Kanevski

# 07 may 2022 17:48 (UTC +04:00)

"Biz bu müharibəni istəmirdik. Biz heç vaxt başqasına məxsus olanları istəməmişik, heç vaxt öz prinsiplərimizi, siyasətimizi heç kimə təlqin etməmişik."

APA xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski "Unutmadıq. Qalib gəlirik" adlıq məqaləsində qeyd edib.

APA məqaləni təqdim edir:

"8-9 may tarixləri yaxınlaşır. Bu günlər dünyanın bir çox yerlərində İkinci Dünya Müharibəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım və barışıq günləridir.

Ukraynada ənənəvi olaraq bu günlərdə Ukrayna xalqının qəhrəmanlığını və İkinci Dünya Müharibəsində Anti-Hitler Koalisiyasının qələbəsində mühüm töhfəsini şərəfləndirmək, habelə nasizmə qarşı vuruşmuş bütün əsgərlərə ehtiram göstərmək üçün mərasimlər, anım və maarifləndirici tədbirlər keçirilir.

“1939-1945. Unutmadıq” şüarı altında bu gün biz qəhrəmanların, eləcə də müharibə, hərbi cinayətlər və deportasiya qurbanlarının xatirəsini ehtiramla yad edirik. Bu, hər bir vətəndaşa müharibənin necə baha başa gəldiyini xatırladır: milyonlarla insan döyüş meydanında öldürülmüş, konslagerlərdə işgəncələrə və məcburi əməkdüşərgələrində əziyyətlərə məruz qalmış, sındırılmış insan taleləri və onilliklər ərzində bir çox xalqların ağlasığmaz ağrısıdır.

Ukrayna ərazisində bu dəhşətli müharibə 1225 gün - 22 iyun 1941-ci ildən 1944-cü il oktyabrın 28-dək davam etdi. Müasir Ukraynanın hər yerində qanlı döyüşlər gedirdi, çünki Avropanın taleyi burada həll olunurdu. Müharibə zamanı ümumi itkilər, müxtəlif hesablamalara görə, 50-75 milyon nəfər arasında dəyişir, onlardan 8-10 milyonu ukraynalıdır.

Anım və Barışıq Günləri qaliblərin məğlub olanlar üzərində qələbəsini simvolizə etmir; sülhü dəyərləndirmək və yaddaşımızı bu cür faciələrdən qoruya bilmək üçün 20-ci əsrin dəhşətli bəlasını xatırladır.

Eyni zamanda, bu Rusiyanın hazırkı aqressiv siyasətinə və cinayətlərinə haqq qazandırmaq üçün İkinci Dünya Müharibəsi qalibinin mənəvi nüfuzu adı altında ümumi qələbə qazanmağa çalışmaq siyasətinə ziddir.

Bu narrativi istifadə edərək Rusiya Ukraynaya qarşı tammiqyaslı və qanlı müharibəyə başlayıb.

Biz bu müharibəni istəmirdik. Biz heç vaxt başqasına məxsus olanları istəməmişik, heç vaxt öz prinsiplərimizi, siyasətimizi heç kimə təlqin etməmişik. Biz dinc yaşadıq, ölkəmizi qurduq, övladlarımızın dinc gələcəyinə sərmayə qoyduq.

Dinc quruculuq, doğma torpağa məhəbbət xalqımızın genetik kodunda yer tutan xüsusiyyətlərdir. Ukraynalıların - öz evininin sahibi olmaq arzusu kimi.

Bütün bunlar bizi işğalçıya qarşı mübarizəyə ruhlandırır. Bu, bizə Vətənimizi fədakarlıqla müdafiə etmək, amansız və qəddar düşmənə layiqli cavab vermək üçün əlavə güc verir.

Biz başa düşürük ki, bu gün Ukrayna xalqının varlığı təhlükə altındadır. Ona görə də hər bir ukraynalının ürəyi bu müharibədə qalib gəlmək ümidi ilə döyünür.

Bu, bizim ümumi qələbəmiz olacaq!".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR