İsrail səfiri: “Milliyyətindən və dinindən asılı olmayaraq mülki şəxslərə hücum qəbuledilməzdir”

İsrail səfiri: “Milliyyətindən və dinindən asılı olmayaraq mülki şəxslərə hücum qəbuledilməzdir”
  • Clock-gray 13:14
  • calendar-gray 22 Oktyabr 2020

“Milliyyətindən, etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq mülki şəxslərə hücum yanlışdır və qəbuledilməzdir. Hər qurbanın həyatı dəyərlidir. Heç kim bu cür şərait altında olmamalıdır, heç kim sevdiklərini, dostlarını, qonşularını gecə dinc şəkildə yatarkən itirməməlidir”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu bu gün Gəncə şəhərinə səfər edən İsrailin Azərbaycandakı səfiri Corc Dik jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, İsrailin Azərbaycanla əlaqələri dostluq əlaqələridir və bu əlaqələr dərin tarixi köklərə malikdir: “Bu dostluq heç kəsə qarşı yönəlməyib. Biz Azərbaycanla dostluq əlaqələrimizi yüksək qiymətləndiririk. Bu dostluğun bir sübutu kimi mən bu gün bura gəldim. Qurbanlara humanitar yardım gətirdik ki, onlar bu çətin vaxtlarda bir az rahatlıq tapsınlar. Mən Gəncəyə gəldim ki, burada hücumlar səbəbi ilə baş vermiş dəhşətli dağıntını görüm. Bura gəldim ki, Azərbaycan xalqına, Gəncə şəhərinin sakinlərinə, qurbanların ailələrinə başsağlığımı ifadə edim. Bütün yaralılara isə tezliklə şəfa tapmalarını arzu edirəm. Bu gün bəzi zərərçəkənlərlə tanış oldum. Onlardan digərləri ilə daha sonra tanış olacağam. Onlardan bəzilərinin hekayələri həqiqətən də çox üzücüdür. Biz israillilər olaraq müharibənin və hücumların dəhşətli nəticələrini çox yaxşı bilirik. Xüsusilə də bu hücumlar mülki əhaliyə qarşı yönələndə”.

Fuad Nazimoğlu

Digər xəbərlər