Ermənilərin anbara çevirdiyi məscid, tövlə kimi işlədilən karvansara, düşmən əsgərinin dəbilqəsi, naməlum abidə - REPORTAJ - FOTOLAR

Ermənilərin anbara çevirdiyi məscid, tövlə kimi işlədilən karvansara, düşmən əsgərinin dəbilqəsi, naməlum abidə - REPORTAJ - FOTOLAR
# 28 dekabr 2020 17:04 (UTC +04:00)

Əvvəlki yazları buradan oxuya bilərsiniz:

Azərbaycan Ordusunun erməni vəhşiliyinə son qoyan zəfəri: Ağdamda nə gördüm? - REPORTAJ

Pənahəli xanın erməni vandallığından nəsibini alan Şahbulaq qalası - REPORTAJ

Abdal-Gülablının dağıdılmış qəbiristanlığı: 9 yaşlı qızcığazın güllələnmiş başdaşı - REPORTAJ

Füzulidəki erməni komanda mərkəzi, 2 km uzunluğunda minalı ərazi, Füzulinin heykəlinin tapılmağı - REPORTAJ

APA-nın əməkdaşları Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi ərazilərə səfər edib. Əməkdaşlarımız həmin ərazilərindən “Zəfərin izi ilə” layihəsində silsilə reportajlar hazırlayıb. Bu silsilədən növbəti reportajı təqdim edirik:

Qoçəhmədli kəndinə gedən yolun sonu

Qoçəhmədli kəndinə aparan palçıqlı yolla yoxuş qalxırıq. Bizdən neçə günsə əvvəl burdan keçmiş maşının palçıqda saldığı izlə sürürük. Qabaqda bələdçimizin maşınıdır. Deyir, izlə gedənin izi qalmaz, amma indiki halda bu təhlükəli dağlarda həmən məsəl işləmir, izlə getməlisən ki, salamat qalasan. Yoldan azca kənara çıxmağımız faciəyə səbəb olar. İndi bu sətirləri yazmaq çox asandır, lakin onda bir gözümüz kəndin dağılmış ev-eşiklərindəydisə, bir gözümüz də maşınımızın getdiyi palçıq yoldaydı.

Bir xeyli gedəndən sonra yol haçalanır. Biri sola - dağın döşünə, bizimkilərin möhkəmləndiyi nöqtəyə qalxır, digəri isə kəndin içinə uzanır. Bizi müşayiət edən maşın burda dayanır, biz də.

Maşından düşüb hər dəfə ehtiyatla, “Allaha-Allah” deyə-deyə ayağımızı torpağa basırıq. “Basırıq” demək bu hərəkəti tam ifadə eləmir, “toxundururuq” demək daha dəqiqdir, addımladıqca ayaqqabılarımız torpağın üzünü sığallayır.

- Niyə durduq? – Bizimkilərdən kimsə soruşur.

- Burdan o yana getmək təhlükəlidir. Maşın izi burada qurtarır, kəndə aparmır – Bələdçimiz deyir.

Maşınlarımızı bir az daha irəli sürə bilərik, amma o yol bizi Qoçəhmədli kəndinəmi aparacaq, yoxsa, türklər demiş, Taxtalıköyəmi, müəmmadır. Bələdçimiz də məsləhət görür ki, elə dayandığımız yerdə durub kəndin bir neçə görüntüsünü kameralara alaq.

Uzaqdan-uzağa Qoçəhmədli kəndinə baxırıq: sorağı ilə gəldiyimiz nə bir məscid görürük, nə bir abidə, nə bir salamat tikili. Dağın yamacı boyu səpilmiş, domino daşlarından düzəlmə “ev”lərə bənzəyən, imdad dilərmiş kimi üzü bizə baxan yurd-yuvalar...

İlk təəssüratımız belədir ki, Qoçəhmədlidə heç bir abidə, tikili qoymayıb ermənilər, hamısını dağıdıblar. Bəlkə də yanılıram. Amma neyləyək, kəndin özünə getmək bizə nəsib deyilmiş. Məcburən geri dönürük. Bu təhlükəli kənd yolundan asfalta çıxanacan canımızdan qorxu çəkilmir.

Şər qarışan vaxtının xeyri

Ana yoldan çıxıb bu dəfə kəndə aparan enişlə aşağı düşürük. Bura Füzulinin Qarğabazar kəndidir. Rayondan 8 kilometr cənubda yerləşir. Hələ 1727-ci ilə aid Osmanlı qaynağında Qarğabazar kəndi haqqında bilgi var.

Deyilənə görə bu kənddə “Şah Abbas karvansarası”, Qiyas əd-Din məscidi və türbə olub. Lakin hələ bilmirik bu abidələr 30 illik işğaldan sonra hansı vəziyyətdədir, salamatdırmı, yoxsa yer üzündən silinib?

- Burda bir büst var, - kəndin içinə girhagirdə axır ki, fotoqrafımız İlkinin də səsini eşidirik.

- Hanı?

Əlilə ağacların arasında bir yeri göstərənəcən biz artıq tamam başqa bir mənzərə ilə qarşılaşırıq. Sağ tərəfdə çəmənliyin ortasında, yumurta kimi günbəzləri görünən iki türbə (bəlkə də qədim məscidin qalığı), hardasa yüz metr aralıda təpənin döşündə isə iri tağları gəl-gəl deyən qədim tikili.

Maşını tağlı tikilinin qabağına kimi sürmək ehtiyatsızlıq olar deyə, kəndin ortasındakı meydançada saxlayıb ayaqla gedirik. Şər qarışan vaxtıdır. Mümkün qədər iti sürətlə gördüyümüz (tapdığımız!) abidələrə baxıb, çəkilişlərimizi qaranlıq düşmədən bitirməliyik.

Yenə eyni narahatlıqla addımlarımızı atırıq…

Bir-iki daxmada ermənilərin özlərinin yaşayıb mal-heyvan saxlamaqlarını nəzərə almasaq, gördüyümüz bu abidələrdən başqa Qarğabazarda salamat bir ev də qalmayıb.

Tövləyə çevrilmiş karvansara

Tikilinin böyür-başı dəmir-dümürlə çəpərlənib. Deyəsən, axtardığımızı tapmışıq axı. Bura Şah Abbas və ya Qarğabazar karvansarası olmasın?

Karvansaranın içinə keçirik. Ermənilər bu qədim mədəniyyət abidəsindən tövlə kimi istifadə ediblər, hücrələrində mal-heyvan saxlayıblar. Karvansaranın ortasındakı meydança-həyət peyinlə doludur, ikinci mərtəbəsində isə ot presləri yığılıb.

Elmi mənbələrdə karvansaranın tikilmə tarixi 1681-ci il göstərilsə də, memarı bəlli deyil.

Ümumi uzunluğu 37,70 m, eni isə 23,67 metrə çatan karvansaranın plan və memarlıq həlli mərkəzdən keçən oxa simmetrik həll olunaraq ümumi konstruksiyaya tabe edilib. Həcm-məkan həllinə də xüsusi diqqət yetirildiyi açıqca hiss olunur. Planda düzbucaqlı şəkildə həll olunmuş karvansara iki böyük ölçülü dəvəlikdən (zal), girişin sağ və sol tərəflərində gözətçilər üçün iki kiçik otaqdan, baş tərəfində isə karvansara sahibi və tacirlər üçün altı ədəd kvadrat şəkilli otaqlardan ibarətdir.

Otaqların qapıları çox da böyük olmayan eyvana açılır. Həmin eyvanı mütənasib "qamətli" iki daş sütun və onları yuxarıdan tamamlayan yarımdairə şəkilli üç ədəd tağbənd bəzəyir. Sütunlar arasında yerləşdirilmiş daş pilləkənlər ümumi həyətlə eyvan arasında əlaqə yaradır. Karvansaranın bütün bağlı otaqları sağ, sol və arxa tərəflərində yerləşdirildiyindən onun mərkəzində üstüaçıq şəkilli geniş həyət yaranır, bu da isti aylarda elə buradaca karvanların təhlükəsiz gecələməsinə imkan verirmiş.

Qarğabazar karvansarasının memarlıq həlli Qarabağın Alban dövrünə məxsus memarlıq ənənələrini yada salır. Memarlıq üslubuna görə Qarğabazar karvansarası Alban dövrü memarlıq ənənələrinin oxşarıdır.

Hacı Qiyasəddinin tikdiyi 4 əsrlik məscidin anbara çevrilməyi

Karvansaranın sinəsinə söykəndiyi təpənin yuxarısında, sal qayanın üstündə başqa bir tikili qaralır. İlk baxışdan Alban məbədini xatırladır. Adətən, Alban məbədlərində olduğu kimi, daşları da karvansaranın bəyaz daşlarından fərqlənir, qırmızıya çalır.

Sonradan öyrənirik ki, qayanın üstündə gördüyümüz tikili 1683-1684-cü illərdə tikilən Hacı Qiyasəddin (Qiyas əd-Din məscidi) məscididir. Adından da göründüyü kimi, məscid Qarğabazarın Hacı Qiyasəddin adlı kəndxudası tərəfindən inşa edilib. Məscidə yerli camaat Şah Abbas məscidi də deyirmiş.

Məscid eyvansızdır. Tamamilə yerli daş materialları ilə tikilib, bir zaldan ibarətdir. Dam örtüyü tağtavan şəkilindədir. Giriş qapısı (həmin qapıdan əsər-əlamət yoxdu) nəzərə alınmasa, burada ağac materialından istifadə olunmayıb.

Məscid ot presi ilə dolu olduğundan içinə keçmək olmur. Elə kandarındanca boylanıb içinə nəzərə yetiririk. Ermənilər işğal illərində bu müqəddəs yerdən anbar (bəlkə də tövlə) kimi istifadə ediblər.

Məscidin qarşısındakı uçub-dağılmış başqa bir tikili də gözə dəyir. Qabağındakı meydançanın ortasına qapaq əvəzi iri, yastı daş qoyulub. Daşı qaldırırıq, bilmək olmur, quyudur, yoxsa müxtəlif məqsədlər üçün istifadə edilmiş yeraltı otaq.

Bilmirik, suallar çoxdur. Kənd meydanının yaxınlığındakı günbəzli tikilinin də türbə (türbədirsə, adı nədir?), yoxsa qədim məscidin qalıqları olmasını da müəyyənləşdirmək olmur.

Qarğabazar adı necə yaranıb?

XVII əsrə aid karvansara və məscid Qarğabazar kəndinin ta qədimdən əhəmiyyətli karvan yollarının üzərində yerləşməsindən xəbər verir, yoxsa ucqar bir yerdə niyə belə dəbdəbəli karvansara, indiki dillə desək “beş ulduzlu” hotel tikilsin? Kəndin adı da belə düşünməyə əsas verir. “Qarğa bazarı” ifadəsi adətən çox hay-küylü yer haqqında işlədilir, “Elə bil qarğa bazarıdır” deyirlər.

Dilimizdə bir “qarğa dili” ifadəsi də var ki, onu da anlaşılmaz dildə danışan adam üçün işlədirlər. Əlbət uzaq ölkələrdən, isti-soyuq diyarlardan gələn karvanlar bu kəndə gecələyib, əcnəbilər bu kəndin havasından udub, suyundan içib öz dillərində hüdüləyib-tökdükləri üçün buralar da hardasa elə qarğa bazarını xatırladırmış. Bu ad da sonradan kəndə verilib.

Qarğabazarda doğulub, güllələnərək meyiti Xəzərə atılan inqilabçı

Bizim də karvanımızı çəkib getməyimizin vaxtıdır. Amma bura qədər gəlmişkən, bayaq İlkinin nişan verdiyi heykələ baxmayıb Qarğabazarı tərk etmək doğru çıxmaz. Düzdür, risklidir, amma neyləyək, maraq özü dartıb aparır.

Heykəlin ucaldığı meydançaya qalxmaq üçün gərək başdan-başa xəzəllə örtülü yerdən keçək. Adam ayağını xəzəlin üstünə basmağa ehtiyat edir, bilmirsən altında nə var. Torpağın üstündə yeriyəndə yenə gözün nəyisə alır, ağlın kəsir, qədim yunan mifologiyasında dənizçiləri gözəl səsləri və simaları ilə cəzb edib sonra həlak edən sirenlər kimi sarı-qırmızı-qızılı rəngləri ilə adamı çəkən bu ahən-rüba yarpaqlar da bilmirsən altında hansı təhlükəni gizləyib. Yaxşı ki, bələdçimiz qabaqda gedib xəzəli yoxlaya-yoxlaya bizim üçün cığır açır.

Bir az aralıda erməni əsgərindən qalma dəbilqə görürük. Bələdçimiz deyir ki, burda erməni əsgərinin cəsədi vardı, təhvil verildi, dəbilqə də onunkudur.

- Burda da döyüş getmişdi?

- Bəs nədi? Füzulinin hər qarışı döyüşlə alınıb e, qaqa - Bələdçimiz ayağı ilə xəzəlləri təmizləyə-təmizləyə yol açır - Addımımı hara qoyuramsa siz də ora qoyun.

Nəhayət “Sirat körpüsü”ndən keçib abidənin yanına çatırıq.

Bu, hündür sütun-postamentin üstündə beton materialından hazırlanma büstdür. Büstün özəyi, çiyin, boyun hissəsi illərin istisindən-soyuğundan, qarından, yağışından keçib birtəhər qalsa da, baş hissəsi dağılıb. Abidənin duruşundan hərbçi heykəli olduğunu sanmaq olar. Sütunvari postamentin üzərindəki lövhənin də yeri boşdur, kimə məxsus olduğu naməlumdur.

Lakin sonradan öyrəndik ki, abidə inqilabçı bolşevik Bünyad Sərdarovundur.

Bünyad Sərdarov 1889-cu ildə elə bu kənddə anadan olub. O, Azərbaycanda Sovet hakimiyyətinin qurulmasında fəal iştirak edib, məşhur inqilabçı Xanlar Səfərəliyevin (yeri gəlmişkən, Qoçəhmədli kəndindəndir, gedib çıxa bilsəydik, bəlkə Qoçəhmədlidə də onun abidəsini görərdik) xalası oğlu olub. 1903-cü ildə işləmək üçün Bakıya gedən B. Sərdarav sonradan bolşeviklərə qoşulur və inqilabı fəaliyyətə başlayır. 1919-cu ildə gizli tapşırıqla Həştərxana yollanan inqilabçının qayığı Bakıya qayıdarkən Xəzər dənizində ingilislər tərəfindən ələ keçirilir, qayıqdakılar güllələnir, meyitləri isə dənizə atılır.

Vaxtilə kəndin kolxozu da onun adını daşıyırmış. Şah Abbas Karvansarasında isə 1985-ci ildən B.Sərdarovun xatirə muzeyi yaradılıbmış.

...biz gəldik

Əhalisi illərdir, doğma el-obasından didərgin düşmüş kəndin üzərinə qaranlıq ipək örpək kimi enmədə. Hardansa quşların həzin cəh-cəhi gəlir. Yaxınlıqdakı göldə qurbağalar quruldayır. Əcəb seyr etməli mənzərədir!

Düşməndən azad elədiyimiz vətənin parçasını hələlik təbiətin ixtiyarına verib kənddən çıxırıq. Qarğabazarın, həmişə gediş-gəlişli bu qədim kəndin belə sakit, kimsəsiz axşamlarının bitməsinə daha bir şey qalmayıb.

Füzulinin heykəli, sonra Şah Abbas karvansarası, Hacı Qiyasəddin məscidi və türbə.... Bərəkətli gün oldu. Yəqin arxeoloqlar da uğurlu tapıntılardan sonra bu cür məmnunluq yaşayırlar.

Bomboş, yalnız ara-sıra hərbi və xüsusi icazəsi olan maşınların şütüyüb keçdiyi Füzuli yolları ilə qayıdırıq. Təsadüfən radionu açmışıq. Ağlımıza da gəlməz ki, indidən bu düzlərdə, bu dağlarda Azərbaycan radiosu tutar; əvvəl reklamların səsi gəlir, sonra mahnı yüksəlir. Nə gözəldir, bu torpaqlarda bizim radiomuzun dalğa-dalğa yayılması! Bir anlıq da olsa, Qarabağın 30 il işğalda qalmasını unutdurur. Heç vaxt radio mənə bu qədər doğma gəlməmişdi. Ürəyim şənlənir. Sevincimizdən səsi tam açırıq. Ədalətin Şükürovdu: ürəyim tup-tup döyünür hər dəfə, mən sənin şəkilini divarda görəndə, qapını tuk-tuk kimsə döyəndə, gedirəm açmağa bəlkə gəldin…

Kefimiz yaxşıdı, oynayırıq, oxuyuruq, özü də mahnının sözlərini dəyişib oxuyuruq: Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın, Şuşa… biz gəldik.

Biz!

Doğmaların!

Balaların!

Və daha heç yerə gedən deyilik!

(ardı var)

Davamında oxuya bilərsiniz: Bir zabitin döyüş xatirələri, Qara daş ziyarətgahı, Sabir Əhmədlinin qardaşının dağılmış heykəli, pianonu nağara kimi çalıb məşhurlaşan əsgərin müsahibəsi, ermənilərin güvəndiyi “Ohanyan səddi”nin indiki halı.

Foto - İlkin Nəbiyev © APA GROUP

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR