Qabil Hüseynli: "ATƏT Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasətinə qarşı da mübarizə aparmayıb"

Qabil Hüseynli: "ATƏT Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasətinə qarşı da mübarizə aparmayıb"
  • Clock-gray 12:18
  • calendar-gray 07 Noyabr 2020

“Ermənilər işğal edilmiş ərazilərdə ciddi məskunlaşma siyasəti aparıblar. Bu gün Azərbaycan Ordusunun əraziləri işğaldan azad etməsindən sonra bununla bağlı üzə xeyli faktik materiallar çıxmaqdadır”.

Bunu APA-ya açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib. O bildirib ki, hətta işğaldan azad olunmuş Zəngilan rayonu ərazisində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istifadəsində olmuş binada baxış zamanı xeyli sənəd tapılıb: “Həmin sənədlər içərisində Suriyadan süni məskunlaşma üçün gətirilmiş 60 erməninin pasportları da var. Onlar 19 ailədən ibarət olublar və Zəngilan rayonunun ərazisində salınmış kiçik qəsəbədə yerləşdiriliblər. Onların hər birinin adı Azərbaycanın müvafiq orqanlarına bəllidir. Bunlar əsasən Suriyanın Haseke bölgəsindən, Hələb şəhərindən olan ermənilərdir. Bundan başqa, ermənilər qanunsuz məkunlaşdırma prosesini Qubadlıda, Kəlbəcərdə də aparıblar. Livandan gətirilmiş ermənilər Qubadlı rayonunda məskunlaşdırılıb. Həmçinin, bu yaxınlarda televiziya kanallarından birində Livandan gətirilmiş ermənilər üçün Kəlbəcərin İstisu ərazisində təxminən 30 ailənin yerləşə biləcəyi qəsəbə salmaları ilə bağlı süjet getmişdi. Qəsəbəyə həmin adamların gətirilməsi prosesi başlayıb. Bir fakt diqqəti çəkir ki, Ermənistanla sərhəd rayonlarında kəndlərin tamamilə yerlə yeksan edilməsi baş verməyib. Əsasən,  Zəngilanın bir hissəsində, Qubadlı rayonunun çox hissəsində azərbaycanlılardan qalma evlər özünün əvvəlki görkəmini qoruyub saxlayıb. Görünən odur ki, ermənilər Ermənistanla sərhədboyu 3 rayonda -Kəlbəcər, Qubadlı və Zəngilanda ciddi məskunlaşdırma siyasəti aparırmış Laçınla bağlı hələ məlumatlar yoxdur. Ermənilər bu rayonlara xarici erməni vətəndaşları gətirib və yerləşdiriblər. Ermənistanda möhkəm qənaət formalaşmışdı ki, bu ərazilər heç vaxt qaytarılmayacaq və Dağlıq Qarabağla bitişik bölgə kimi Ermənistana birləşdiriləcək”.

Politoloq diqqətə çatdırıb ki, Azərbaycan tərəfi Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasəti ilə əlaqədar dəfələrlə ATƏT-in Minsk Qrupuna, xüsusilə faktaraşdırıcı missiya prinsipini həyata keçirən Anjey Kaspşikə müraciət edərək bunun qarşısının alınmasını təmin etməyi tələb edib: “Kaspşik və onun heyəti Azərbaycan ərazisindən keçərək həmin ərazilərdə araşdırma aparmaq məqsədilə 10 gün orada qaldı və geri dönərkən qeyri-qanuni məskunlaşma ilə bağlı faktları Azərbaycan tərəfinə təqdim etmədi. Təqdim edilən məlumatda ermənilərin işğal etdiyi ərazilərdə hərbi kazarmalar tikməsi, arxeoloji qazıntılar aparması ilə bağlı faktlar var idi. Halbuki Kaspşikin həmin ərazilərə səfəri zamanı burada ciddi tikinti işləri başa çatdırılmışdı, nümunəvi katej tipli evlər tikilmişdi və həmin evlərdə də pasportlarının surətləri tapılmış şəxslər artıq orada yerləşdirilmişdi. Təəssüflər olsun ki, ATƏT-in faktaraşdırıcı missiyası bununla bağlı Azərbaycana heç bir məlumat verməyib və hətta bu faktları gizlətməyə çalışıb. Hətta onlar bunun medianın ortaya atdığı iddia olduğunu da söyləmişdilər. Göründüyü kimi, ATƏT-in Minsk Qrupu təkcə sülhyaratma prosesində deyil, eyni zamanda Azərbaycan ərazilərinin süni surətdə ermənilər tərəfindən məskunlaşdırılması faktına qarşı da mübarizə aparmayıb və Ermənistanın sürünən anneksiya, işğal siyasətinə sözün həqiqi mənasında şərait yaradıb”.

Firuzə Vahid

Digər xəbərlər