Ərdoğan Putinlə söhbətində Qarabağda atəşkəsin qorunmasında Türkiyənin rolundan danışıb

Ərdoğan Putinlə söhbətində Qarabağda atəşkəsin qorunmasında Türkiyənin rolundan danışıb
  • Clock-gray 22:03
  • calendar-gray 10 Noyabr 2020

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon söhbəti olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr şöbəsindən yayılan açıqlamada bildirilib.

Liderlər Türkiyə-Rusiya münasibətləri, Dağlıq Qarabağ və Suriya başda olmaqla regional məsələləri müzakirə ediblər. R.T.Ərdoğan Dağlıq Qarabağ mövzusunda dünən daimi sülhlə bağlı əldə olunan razılaşmanı doğru bir addım kimi qiymətləndirib.

Türkiyə və Rusiyanın birgə cəhdləri nəticəsində ədalətli və daimi bir barışıq üçün regionda sabitliyə nail olunması istiqamətində önəmli fürsəti qaçırmamağın vacibliyini bildirən Prezident Ərdoğan deyib ki, Ermənistanın atəşkəsin icrasna dair götürdüyü öhdəliyin ortaq razılaşma əsasında rəsmiləşdirilməsi də mühüm məsələdir.

Ərdoğan deyib ki, Ermənistan işğalından azad olunan Azərbaycan ərazisində Türkiyənin də iştirakı ilə yaradılacaq və Birgə Monitorinq Mərkəzində atəşkəsə əməl olunması üçün müşahidə və izləmə fəaliyyətində Rusiyanın üzərinə xüsusi bir məsuliyyət düşür. Ərdoğan Ermənistanın işğalı səbəbindən torpaqlarını tərk edən azərbaycanlıların vətənə qayıtmasının və Azərbaycanla Naxçıvan arasında dəhliz açmağın vacibliyini də vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsinin regionda yaratdığı qarşıdurma və böhranın qarşısının alınmasında Türkiyə-Rusiya əməkdaşlığının vacibliyini qeyd edən Türkiyə Prezidenti eyni mexanizmin Suriyada da tətbiqinin mümkünlüyünü dilə gətirib.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər