Hikmət Babaoğlu: “Prezidentin Novruz tonqalını Suqovuşanda yandırması mili qürur mənzərəsi idi”

Hikmət Babaoğlu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini

© APA | Hikmət Babaoğlu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini

# 21 mart 2022 13:38 (UTC +04:00)

“Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ilin Novruz tonqalını 30 il qovuşmaq həsrəti ilə yaşadığımız Suqovuşanda yandırması tariximizin mili qürur mənzərəsi idi”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

H. Babaoğlu deyib ki, keçən il Şuşada, bu il Suqovuşanda təşkil olunan milli bayram mərasimi işğaldan azad edilmiş torpaqlarımızın hər qarışında baş tutacaq: Suqovuşan Vətən müharibəsinin ilk günlərində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında ilk azad edilən Vətən torpaqlarımızdan idi. Bu ərazi həm hərbi-strateji, həm də su ehtiyatlarından müharibə vasitəsi kimi istifadə etmək üçün erməni təxribatlarına açıq bir ərazi idi. Elə işğaldan azad olunan ərazilərimizə Prezident İlham Əliyevin ilkin səfərlərindən bir də məhz Suqovuşana olmuşdu. Həmin vaxt Azərbaycan xalqını təbrik edən Prezident qısa müddətdə bu ərazilərimizdə abadlıq-quruculuq işlərinin aparılacağını bildirmiş orada olan strateji su ehtiyatlarından uzun illərdir istifadə edə bilmədiyimiz torpaqlarımızın əkilib-becərilməsi üçün istifadə ediləcəyini açıqlamışdı. Ötən müddət ərzində bu istiqamətdə böyük işlər görüldü, yollar, su kanalları çəkildi, enerji təchizatı təmin edildi, mühüm strateji obyektlər tikildi və hazırda bu işlər sürətlə davam etdirilir”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev xalqımıza Novruz təbrikində əsas vəzifənin məcburi köçkünlərimizi tezliklə bu doğma diyara qaytarmaq olduğunu bildirib: “Məhz bu tarixi qayıdış üçün zəruri şərtlərin olması vacibdir və hazırda bu istiqamətdə böyük işlər görülür. Ona görə də Prezident İlham Əliyev bildirdi ki, bu tarixi gözəlliyə biz gözəllik, zövq qatacağıq və burada azərbaycanlılar rahat, sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayacaqlar. Şübhəsiz ki, Vətən torpaqlarında sülh və əmin-amanlıq içərisində yaşamaq üçün ilk növbədə iki mühüm məsələ həll edilməlidir. Birncisi, logistika, kommunikasiya və ən əsası isə təhlükəsizlikdir. Məhz təhlükəsizlik məsələsinə diqqət çəkən Müzəffər Ali Baş Komandanımız dedi ki, sülhün və təhlükəsizliyin təminatçısı Azərbaycan dövləti və Silahlı Qüvvələrimizdir. Doğurdan da hazırkı mürəkkəb tarixi şəraitdə bir çox xalqların milli təhlükəsizliyi təhlükə altında olduğu halda Azərbaycanın güclü Ordusu, qətiyyətli Ali Baş Komandanı və onların arxasında xalqımızın milli iradəsinin olması təhlükəsizliyimizin strateji əsaslarını təşkil edir”.

H. Babaoğlu əsas məsələlərdən birinin də işğaldan azad edilmiş ərazilərimizdə maddi, mədəni irsimizin bərpası və qorunması olduğunu söyləyib: “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın bu sahədə gördüyü işlər mədəni irsimizin qorunması istiqamətində tarixi əhəmiyyət kəsb edir. Çünki düşmən 30 il ərzində əcdadımızın o torpaqlarda yaratdığı maddi, mədəni irsimizi yox etməyə, bizim izimizi silməyə çalışıb. Ona görə də Heydər Əliyev Fondu bir tərəfdən onları bərpa edir, digər tərəfdən isə erməni vandalizimini dünyaya çatdırmaq istiqamətində böyük işlər görür”.

Deputatın sözlərinə görə, Suqovuşan qəsəbəsinə çəkilmiş müasir izolyasiyalı və mühafizəli kabel xəttinin təqdimatı, qəsəbədə fərdi evdə aparılmış təmir-bərpa işləri, tam orta məktəbin binasının əsaslı təmiri, bu kontekstdə işğaldan azad olunmuş ərazilərdə təhsil infrastrukturunun yaradılması, yeni məscidin təməlinin qoyulması, “N” saylı hərbi hissəsinin açılışı, turizm kompleksinin təməlinin qoyulması şahidlik etdiyimiz böyük tarixi hadisələrdir: “Bütün görülən işlər isə milli inkişafımızın və məqsədlərimizin həyata keçirilməsi hadisəsidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR