“İlham Əliyevin prezidentliyi tarixdə böyük qələbələr dövrü kimi qalacaq” - RƏY

Milli Məclisin binası

© APA | Milli Məclisin binası

# 12 aprel 2022 12:14 (UTC +04:00)

“Prezident İlham Əliyevin rəhbərliyi dövrü müstəqil Azərbaycanın tarixində böyük qələbələr dövrü kimi qalacaq”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M. Quliyev bildirib ki, Prezident İlham Əliyevin islahatları nəticəsində son 4 ildə ölkədə orta aylıq əməkhaqqı 40% artıb: “Son illər müavinət və təqaüdlərdə orta hesabla 3 dəfəyə qədər artım baş verib. Aparılan islahatlar şəhid ailələri və qaziləri, həssas qrupdan olan insanları, ölkə əhalisini əhatə etməkdədir”.

Deputat Fəzail Ağamalı qeyd edib ki, 4 il öncə Azərbaycan xalqı bir daha müdriklik nümayiş etdirərək, Prezident İlham Əliyevə yüksək etimad göstərdi: “Prezident İlham Əliyev Prezident seçiləndən dərhal sonra islahatlara start verdi və bu islahatlar işğal edilmiş torpaqlarımızın azad edilməsinə fokuslanmışdı. 2003-cü ildən Ulu Öndərin dövlətçilik konsepsiyalarına və təməl prinsiplərinə söykənən İlham Əliyev torpaqlarımızın işğaldan azad edilməsi üçün bütün potensialını ortaya qoydu. Nəhayət, bu uğurlu siyasətin nəticəsində torpaqlarımız işğaldan azad olundu. Bizə bu qürur hissini yaşadan Prezident İlham Əliyev olub”.

Deputat Aqiyə Naxçıvanlı bildirib ki, ölkəmizin sürətlə inkişafı, dünyada nüfuz və söz sahibi olması Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir: “Bu gün Prezident İlham Əliyev Azərbaycanı dünyada nüfuzlu tərəfdaşa və regionun lider dövlətinə çevirib”.

Deputat Hikmət Babaoğlu Prezident İlham Əliyevin 21-ci əsr milli inkişaf strategiyamızın yaradıcısı və memarı olduğunu vurğulayıb: “Onun 2003-cü ildə Azərbaycanda siyasi hakimiyyətə gəlməsi müstəqillik tariximizin ayrıca bir mərhələsini təşkil edir. 2018-ci il prezident seçkilərindən sonra isə Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın əldə etdiyi ən böyük tarixi nailiyyət və uğur heç şübhəsiz ki, 2020-ci ildə 44 günlük müharibədən sonra tarixi zəfər əldə edərək ərazi bütövlüyümüzü bərpa etməsidir. Bu hadisə təkcə İlham Əliyevin hakimiyyəti dövrünün parlaq zəfəri deyil, bütövlükdə Azərbaycanın hərbi siyasi tarixinin son 200 ildə əldə etdiyi ən böyük qələbə ən parlaq zəfərdir. Yeni reallıq artıq təkcə region ölkələri tərəfindən deyil, bütövlükdə Avropa tərəfindən də qəbul edildi. Artıq regionumuzun gələcəyi Azərbaycanın irəli sürdüyü beş baza prinsipi əsasında müəyyənləşəcək. Hazırda xalqımız tarixi Zəfərimizin yaratdığı yeni reallıqlar sayəsində uzun illərdir gözlədiyi Böyük Qayıdış təntənəsini yaşamaqdadır. Bu isə növbəti tarixi inkişafımız, rifah və nailiyyətlərimizin başlanğıcıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR