Milli Məclisdə 14 iyulun rəsmi gün kimi qeyd olunması təklif edilib

Milli Məclisdə 14 iyulun rəsmi gün kimi qeyd olunması təklif edilib
# 14 iyul 2023 11:15 (UTC +04:00)

“Təklif edirəm ki, 14 iyulun tariximizdə müstəsna rolunu nəzərə alaraq xüsusi rəsmi bir gün kimi qeyd olunması məsələsinə baxaq”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, 14 iyul dövlətçilik tariximizdə çox önəmli bir gün, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəldiyi təqvimdir:

“Müstəqilliyin bərpası üçün bazis də məhz bu dövrdə formalaşmağa başladı. Heydər Əliyevin qurduğu sənaye, inkişaf etdirdiyi iqtisadiyyat, yaratdığı hərbi təyinatlı təhsil müəssisələri, formalaşdırdığı və qoruduğu milli elita elə Sovet dövründəcə Azərbaycana müstəqil davranmaq imkanı verdi. Hətta çəkinmədən demək olar ki, Heydər Əliyevin Sovet Azərbaycanı Azərbaycan Xalq Cümhuriyyətindən heç də az müstəqil deyildi, 1991-93-cü ilin Azərbaycanından çox daha müstəqil idi.

Heydər Əliyev SSRİ-nin ən güclü vaxtında Konstitusiyada SSRİ-dən çıxmaq hüququmuzu təsbit etdiyi halda, 1991-ci ildə hətta SSRİ dağılandan sonra belə o dövrün hakimiyyəti SSRİ-dən çıxmağa qorxurdu. Öncə Bakıda qaldırılmalı olan 3 rəngli bayrağı, yalnız Heydər Əliyev cəsarət edib Naxçıvanda qaldırdı. Budur müstəqillik yolu, budur dirçəliş".

Deputat Sahib Alıyev isə qeyd edib ki, bu günün çox mühüm tarixi var: “Heydər Əliyevin Kommunist Partiyasına rəhbərliyi dövründə Bakı milliləşdirildi, Bakıda azərbaycanlıların sayı çoxaldı və bütövlükdə Azərbaycana azərbaycançılıq gətirildi. Yüksək qabiliyyəti olmasaydı, Heydər Əliyev bunları edə bilərdimi? Məhz onun yüksək inandırıcılıq qabiliyyətinin nəticəsi idi ki, türkiyəli rəsmilər Azərbaycana gələ bilirdi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR