"Prezident İlham Əliyevin idarəetmə texnologiyaları: Zəfərə aparan yol" mövzusunda konfrans keçirilib - FOTO

"Prezident İlham Əliyevin idarəetmə texnologiyaları: Zəfərə aparan yol" adlı konfrans

© APA | "Prezident İlham Əliyevin idarəetmə texnologiyaları: Zəfərə aparan yol" adlı konfrans

# 22 dekabr 2021 11:41 (UTC +04:00)

Dövlət İdarəçilik Akademiyası (DİA) və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkilatçılığı ilə “Prezident İlham Əliyevin idarəetmə texnologiyaları: Zəfərə aparan yol” adlı konfrans keçirilib.

APA-nın xəbərinə görə, konfransda çıxış edən DİA-nın rektoru Urxan Ələkbərov Azərbaycanda idarəçilik texnologiyası və onun uğurlu nəticələri barədə danışıb.

DİA-nın rektoru inklüziv inkişaf indeksinə əsasən Azərbaycan və dünya ölkələrinin müqayisəsini təqdim edib.

BMTM-nin sədri Fərid Şəfiyev bildirib ki, qələbədən sonra regionda yeni geosiyasi vəziyyət yaranıb, buna görə də Azərbaycana qarşı təzyiqlərin yaranması, yeni potensialların meydana çıxması, Rusiya-Qərb münasibətləri, Rusiya, İran və Türkiyə ilə əlaqələr müzakirə olunmalıdır.

F. Şəfiyev Türkiyə və Azərbaycan münasibətlərinə toxunaraq bunu Azərbaycan Prezidentinin apardığı uğurlu xarici siyasətin nəticəsi kimi dəyərləndirib.

Milli Məclisin üzvü, DİA-nın Politologiya və siyasi idarəetmə kafedrasının professoru Elşad Mirbəşiroğlu konfransda “Prezident İlham Əliyev: milli hədəflərə aparan praqmatizm və strateji baxış” mövzusunda çıxış edib. O deyib ki, Prezident İlham Əliyevin praqmatizmi, uğurlu siyasəti nəticəsində Azərbaycan bu gün regionun lokomotiv ölkəsidir.

“İlham Əliyevə Nobel sülh mükafatı verilməlidir", - deyə Elşad Mirbəşiroğlu qeyd edib.

BMTM-nin şöbə müdiri Cavid Vəliyev vurğulayıb ki, Cənubi Qafqaz regionunda yeni geosiyasi reallıq yaranıb və bunu Azərbaycan yaradıb. O, postmüharibə dövründə Azərbaycanın qarşısında dayanan əsas hədəfləri qeyd edərək bildirib ki, bunlar Qarabağ zəfərinin beynəlxalq səviyyədə qəbulu, leqallaşdırılması, zəfərin Azərbaycan üçün yaratdığı üstünlüklər və ondan istifadədir.

O qeyd edib ki, qələbə ilə Azərbaycan özünün regional güc olduğunu təsdiqləyib.

C. Vəliyev əlavə edib ki, Azərbaycanın hərbi zəfəri diplomatiya ilə təsdiqlənməli idi, çünki ölkənin qələbəsinə diplomatik sahədə kölgə salmaq istəyən qüvvələr oldu: “Bu gün təşəbbüskar ölkə Azərbaycandır. Bu da onun sübutudur ki, Prezident İlham Əliyev tək müharibəyə deyil, müharibədən sonrakı dövrə də hazır idi”.

BMTM-nin şöbə müdiri "3+3" platformasından da danışıb.

C. Vəliyev deyib ki, bu gün ölkə üçün digər prioritetlərdən biri də Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatların bütün bəndlərinin yerinə yetirilməsidir və Azərbaycan bu istiqamətdə fəaliyyətinə davam edəcək.

C. Vəliyev Zəngəzur koridoru barədə bildirib ki, ölkə Prezidentinin də vurğuladığı kimi bu, regionda sülh, əmin-amanlıq üçün bir imkan yaradır.

Konfransda çıxış edən BMTM-nin şöbə müdiri Fuad Çıraqov Azərbaycanın unikal xarici siyasət barədə danışıb: “Zaman göstərdi ki, Azərbaycanın xarici siyasətinin alternativi yoxdur”.

Konfrans DİA-nın və BMTM-nin əməkdaş və ekspertlərinin məruzələri ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR