Deputat: “Hazırda bir sosial fərdin taleyi digərinə bağlıdır”

Deputat: “Hazırda bir sosial fərdin taleyi digərinə bağlıdır”
# 25 iyun 2020 19:52 (UTC +04:00)

“Koronuvirusla “müharibə”nin iştirakçıları da, qəhrəmanları da, qalibləri də məğlubları da bizik”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O bildirib ki, müharibənin sonunda kimin hansı statusta olacağı həmin fərdin sosial məsuliyyətindən, sosial özünütəcridindən və karantin rejiminin tələblərinə uymasından asılı olacaq: “Gəlin koronovirus pandemiyasına qarşı birgə mübarizə aparaq, sosial məsuliyyəti bərabər bölüşək və cəmiyyət olaraq hamımız bu müharibədən qalib çıxaq. İnsanlar heç vaxt bir-birinə indiki qədər məhkum, indiki qədər möhtac olmayıb. Heç tanımadığınız bir insanla təsadüfi qarşılaşma sizin səhhətinizə, sağlamlığınıza və hətta həyatınıza başa gələ bilər. Ona görə də hazırda bir sosial fərdin taleyi digərinə bağlıdır. Unutmaq olmaz ki, sosial fərd adlandırdığımız insanların içərisində bizim doğmalarımız, sevdiklərimiz, övladlarımız, qardaş – bacılarımız, valideynlərimiz, dostlarımız da var. Koronovirus isə bunların heç birinə fərq qoymadan hamıya eyni dərəcədə yoluxa bilən bir virusdur. Ona görə də sağlamlığı bəzən taleyi bizdən asılı olan insanlara əsla və əsla risk yaratmamalıyıq”.

Deputat Prezident İlham Əliyevin Gəncə şəhərinə səfəri zamanı yeni modul tipli xəstəxananın açılışında səsləndirdiyi fikirlərə də münasibət bildirib: “Ölkə başçısı öz nitqində koronovirus təhlükəsi ilə bağlı olduqca mühüm məsələlərə toxundu. Artıq ölkəmizdə modul tipli xəstəxanaların sayı 10-a çatacaq. Yaxın həftələrdə digər şəhərlərdə də bu tipli xəstəxanalar istifadəyə veriləcək. Əlbəttə bunlar mühüm göstəricilərdir və Azərbaycan dövlətinin koronovirusa qarşı necə tədbirli olmasını ifadə edir. Ancaq nə qədər yaxşı xəstəxana, nə qədər çox çarpayı sayı olursa olsun, xidmət göstərəcək ixtisaslı kadrlar, insan resursları, həkimlər olmasa bunlar sadəcə statistika olaraq qalacaq. Ona görə də vətəndaşlarımız nəzərə almalıdırlar ki, insan resursları, ixtisaslı kadrlar bir günə, bir ilə yetişmədiyi üçün burada müəyyən problemlər yarana bilər. Gərək hər bir vətəndaşımız obyektiv reallığı nəzərə alaraq, bir az da öz sağlamlığının qeydinə özü qalsın. Heç olmasa virus daşıyıcısı olub başqalarını yoluxdurmasın”.

H. Babaoğlu qeyd edib ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi son müddətin dinamikası bəzi insanların məsuliyyətsizlik göstərərək elementar qaydalara əməl etmədiyini göstərir: “Təkcə Azərbaycanda yox, bütün dünyada bu qaydalar çox sadədir və onlara əməl etmək o qədər də böyük əziyyət tələb etmir - maska, məsafə və dezinfeksiya. Bu üç əsas amil insanları qoruyur. Əgər bu üç amilə əməl olunarsa, onda yoluxmanın sayı kəskin azalacaq. Ancaq biz nəyi görürük? Onu görürük ki, yumşalma tədbirlərindən sonra Azərbaycanda bu qaydalar kütləvi surətdə pozulur və məhz buna görə biz yenidən məhdudlaşdırıcı tədbirləri tətbiq etdik. Çünki görürdük ki, xəstələnənlərin sayı, dinamikası artır və belə gedərsə, bizim də səhiyyə sistemimiz buna davam gətirə bilməz. Düşünürəm ki, Prezidentin bu fikirləri əslində cəmiyyətimiz tərəfindən həyəcan siqnalı kimi qəbul edilməlidir. Eyni zamanda Operativ Qərargah daha sərt qaydalar tətbiq etməlidir. Bunların sırasında cərimələrin artırılması da nəzərdən keçirilə bilər. Görünür bəzi adamlar üçün karantin rejiminin tələblərini pozanlara tətbiq edilən hazırkı cərimələri ödəmək elə də maddi çətinlik yaratmır. Əslində digər ölkələrlə müqayisədə minimum əmək haqqına nisbətdə də cərimələr ölkəmizdəkindən dəfələrlə çoxdur və düşünürəm ki, cərimələrin artırılması sosial məsuliyyəti az olan insanları intizama dəvət etmək üçün yaxşı bir effektiv vasitə ola bilər. Ona görə də bir daha hansı yolla olursa olsun, biz koronovirusa qarşı mübarizə tədbirlərimizi gücləndirməli, özümüzü və cəmiyyətimizi qorumalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR