“Elektron su təsərrüfatı” informasiya sisteminin strukturu və istifadə qaydası müəyyənləşib

“Elektron su təsərrüfatı” informasiya sisteminin strukturu və istifadə qaydası müəyyənləşib
  • Clock-gray 17:13
  • calendar-gray 13 Fevral 2021

 

“Elektron su təsərrüfatı” informasiya sistemi (ESTİS) Azərbaycan Respublikasının illik su təsərrüfatı balansının elektronlaşdırılmasını, ölkənin əsas su və su təsərrüfatı obyektlərində su ehtiyatlarının qiymətləndirilməsinə, subartezian və artezian quyularının istismarına elektron qaydada, o cümlədən real vaxt rejimində nəzarətin həyata keçirilməsini, eləcə də su ehtiyatlarından istifadədə səmərəliliyin artırılması, uçotun və idarəetmənin təkmilləşdirilməsi, habelə bu sahədə operativ əlaqələndirmənin təmin edilməsi məqsədilə məlumatların yaradılması, toplanılması, işlənilməsi, saxlanılması və axtarışı işlərinin avtomatlaşdırılmasını təmin edəcək.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamədə əksini tapıb.

İstifadəçi normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada ESTİS-dən informasiya əldə etmək və ya istifadə etmək hüququ verilmiş dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər, iştirakçı ESTİS-in informasiya proseslərində iştirak edən dövlət orqanları (qurumları),  sahib normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada ESTİS üzərində sahiblik və istifadə hüququnu həyata keçirən, habelə sistemin aparılmasını təmin edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, operator sahibin normativ hüquqi aktlarla müəyyən edilən həcmdə və şərtlərlə ESTİS-in fəaliyyətinin həyata keçirilməsi sahəsində hüquq və vəzifələrini həvalə etdiyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsdir.

Elektron kabinet istifadəçilərin (fiziki və hüquqi şəxslər istisna olmaqla) bu Əsasnamə ilə müəyyən edilmiş funksiyalar çərçivəsində, Vahid Giriş Sistemi (“ASAN Login”) ilə eyniləşdirilməklə, ESTİS-ə daxil olmasına və istifadəsinə imkan verən, həmçinin sahib və operator ilə qarşılıqlı əlaqəsini təmin edən fərdi elektron səhifədir.

ESTİS-in strukturu aşağıdakı modullardan ibarətdir:

-  “əməliyyatlar” modulu;

- “istifadəçilər” modulu;

- “məlumatlar” modulu;

-  “hesabatlar” modulu.

ESTİS-in strukturuna daxil olan modullar vasitəsilə aşağıdakılar təmin edilir:

- “əməliyyatlar” modulu vasitəsilə elektron su təsərrüfatı göstəricilərinə uyğun parametr üzrə tapşırıq yaradılması, tapşırıqla bağlı tələb olunan məlumatların daxil edilməsi, daxil edilən məlumatların yoxlanış üçün göndərilməsi və təsdiqlənməsi;

- “istifadəçilər” modulu vasitəsilə sistemdə istifadəçi hesablarının yaradılması, istifadəçi hesablarının dövlət orqanları (qurumlar) ilə əlaqələndirilməsi, istifadəçi hesabı üzrə səlahiyyətlərin müəyyənləşdirilməsi və əlaqəli digər əməliyyatların idarə edilməsi;

- “məlumatlar” modulu vasitəsilə su obyektlərinə dair parametrlər üzrə tapşırıqların və balans göstəriciləri ilə bağlı məlumatların idarə edilməsi;

- “hesabatlar” modulu vasitəsilə müxtəlif parametrlərə görə hesabatların tərtib edilməsi.

Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olan dövlət orqanlarının (qurumlarının) ESTİS-dən istifadəsi onların informasiya ehtiyatları və sistemləri Qaydalara uyğun olaraq EHİS-ə inteqrasiya edildikdən sonra məlumat mübadiləsinin həyata keçirilməsi yolu ilə təmin edilir. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olmayan dövlət orqanlarının (qurumlarının) ESTİS-dən istifadəsi sistemdə yaradılan elektron kabinet vasitəsilə təmin edilir. Bu halda dövlət orqanlarının (qurumlarının) möhür hüquqlu rəhbər şəxsi tərəfindən ESTİS-də qeydiyyatdan keçirilən və müvafiq hüquqlar verilən məsul şəxsləri identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetə daxil olaraq, sistemdən istifadə edirlər. Hüquqi və fiziki şəxslər internet informasiya ehtiyatı vasitəsilə ESTİS-də olan açıq məlumatlarla, o cümlədən su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi sahəsində görülən işlər barədə məlumatlarla tanış ola bilərlər. Sahib istifadəçinin ESTİS-in məlumatlarına giriş hüquqlarını aşağıdakı hallarda məhdudlaşdırır:

- ESTİS-ə qeyri-qanuni daxilolma və ya müdaxilə baş verdikdə;

- bu Əsasnamə ilə müəyyən edilmiş tələblər yerinə yetirilmədikdə.

 

Ramiz Mikayıloğlu

Digər xəbərlər